“Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı geniş miqyaslı maarifləndirmə layihəsi çərçivəsində regionlarda tədbirlər davam etdirilir

28 fevral 2015

Paylaş:

Dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması və ailə həyatına hazırlığı, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq paytaxtda və bölgələrdə maarifləndirmə tədbirləri həyata keçirilir. Bu istiqamətdə tədbirlərin dahada ənənəvi xarakter alması və geniş kütləyə yönəlməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

   İmzalanmış tədbirlər planına əsasən növbəti tədbir Salyan Rayon İcra Hakimiyyəti ilə birgə Salyan rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirilmişdir.

   Tədbir “Azərbaycan ailəsi” filmlər festivalında iştirakçı olmuş “Fəridin dünyası” və “Ağ-qara” filmlərinin nümayişi ilə başlanmışdır.

   Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov bütün qonaqları salamladıqdan sonra, bu cür layihələrin keçirilməsinin vacibliyindən, ailə məsələləri ilə bağlı maarifləndirmə xarakterli çəkilən filmlərin cəmiyyət üzvləri arasında nümayişinin əhəmiyyətindən bəhs etmiş, Salyan rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən işlərdən söz açmışdır.

     Daha sonra çıxış edən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanova artıq 2 ildir layihə çərçivəsində həyata keçirilən tədbirlərin bölgələrdə böyük uğur qazandığını qeyd etmiş, milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsində, Azərbaycan ailə dəyərlərinin uzun illər ərzində yaşadılmasında, yaşlı və gənc nəsil arasında dialoqun qurulmasında vacib olan belə tədbirlərin mütəmadi olaraq həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Son zamanlar Respublikamızda baş verən bir sıra cinayətlərə, intihar və zorakılıq hallarına toxunan S.Qəhrəmanova bu cür məsələlərin səbəbinin ailə problemləri olduğunu qeyd etmiş, belə mənfi halların qarşısının alınması üçün bütün cəmiyyətin səfərbər olmasının vacibliyini bildirmişdir.

     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov öz çıxışı zamanı Komitə ilə birgə tədbirlər planına əsasən, bir çox layihələrin həyata keçiriləcəyini vurğulamış, bu tədbirlər nəticəsində ailə institutunun möhkəmləndirilməsi sahəsində ailəyə olan mənfi təsirlərin aradan qaldırılması üçün şərait yaradılacağını qeyd etmişdir.

     Müzakirələr zamanı nahiyyə qazısı Hacı Hüsnü Həsənov, Salyan rayon məhkəməsinin sədri Xəqani Tağıyev, rayon Ziyalıları İctimai Birliyinin sədri Allahverdi Piriyev, şəhər 4 saylı tam orta məktəbin tarix müəlliməsi və “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Razıgül Dadaşova çıxış etmiş, həyata keçirilən layihə və rayonda bu istiqamətdə mövcud olan problemlər barəsində, həyata keçirilməsi vacib olan işlər barədə öz fikirlərini bildirmişlər.

    Tədbirdə həmçinin rayon icra hakimiyyətinin, daxili işlər orqanlarının nümayəndələri, təhsil işçiləri, ağsaqqallar, ağbirçəklər və gənclər iştirak etmiş, iştirakçıların yüksək fəallığı ilə müşaiyət olunan tədbir ərzində maraqlı təkliflər səslənmiş və fikir mübadiləsi aparılmışdır.

           Sonda tədbir iştirakçılarına komitə tərəfindən hazırlanmış məlumatlandırma vəsaitləri paylanılmışdır.