Növbəti “açıq qapı” günü keçirilib

2 iyun 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində növbəti “açıq qapı” günü keçirilib.

“Açıq qapı” günü UADM-lərin fəaliyyət göstərdiyi bəzi rayonlarda – Göygöl rayonunun Toqanalı, Hacıqabul rayonunun Padar, İsmayıllı rayonunun Tağlabiyan, Saatlı rayonunun Məzrəli, Zaqatala rayonunun Makov, Zərdab rayonunun Qaravəlli kəndində səyyar şəkildə keçirilib.

Qəbul zamanı daxil olan müraciətlər arasında UADM-lərin xidmətlərindən istifadə (psixoloji konsultasiya, ünsiyyət terapiyası, aktiv öyrənmə, inkişafetdirici məşğələ) üstünlük təşkil edib.

Eyni zamanda ailədaxili münasibətlərin tənzimlənməsi, təhsil məsələləri, aliment, boşanma, qəyyumluq, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək kimi məsələlər də yer alıb.

“Açıq qapı” günündə ümumilikdə 120 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.