“Uşaqların informasiya təhlükəsizliyi üzrə ekspertlərin bilik və bacarıqlarının artırılması” mövzusunda beynəlxalq təlim keçirilir

17 may 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, uşaq hüquqları üzrə mütəxəssislərin, uşaq psixiatrları və psixoloqlarının iştirakı ilə “Uşaqların informasiya təhlükəsizliyi üzrə ekspertlərin bilik və bacarıqlarının artırılması” mövzusunda 2 günlük beynəlxalq təlim başlayıb.

Rəsmi açılışda çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, uşaqların internet təhlükəsizliyi ilə bağlı aidiyyəti dövlət qurumları, eləcə də Komitə tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb. Bu sahədə mövcud problemlərdən danışan A.Sofiyeva, birgə əməkdaşlıq çərçivəsində çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətin genişləndirilməsi, eləcə də problemlərin önünə keçməyin vacibliyini vurğulayıb. Çıxışının sonunda sədr müavini, təlimçiyə və iştirakçılara uğurlar arzu edib, təlimin faydalı olacağına ümidini ifadə edib.

Qeyd edək ki, təlim Türkiyənin Bahçeşehir Universitetinin Təhsil elmləri fakültəsinin Kompüter təhsili və tədris texnologiyaları kafedrasının dosenti Yavuz Samur tərəfindən aparılır.

Təlimdə internetin zərərli təsirləri (kiber bullinq, kiber zorakılıq, insan alveri və s.) və ondan müdafiə üsulları, mediada uşaq hüquqlarının işıqlandırılması prinsipləri, informasiyanın uşaqlar üçün yaş həddinin müəyyən edilməsi qaydaları və qeyd olunan istiqamətlərdə Türkiyə təcrübəsi öyrəniləcəkdir.