“Sağlam ailə – sağlam cəmiyyət – güclü dövlət” adlı konfrans keçirilmişdir
Paylaş:
Fevralın 20-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Ədliyyə Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam ailə – sağlam cəmiyyət – güclü dövlət” mövzusunda konfrans keçirilmişdir. Konfransın əsas məqsədi nikaha daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinə keçməsi ilə bağlı “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli Qanunun tətbiqidir.
Konfransı giriş sözü ilə açan AQUPDK sədrinin müavini xanım Aynur Sofiyeva bütün tədbir iştirakçılarını salamladıqdan sonra, güclü və sağlam ailələrin dövlətin əsasını təşkil etdiyini bildirmişdir. Bu səbəblə də ailə ilə bağlı bütün məsələlərin hər zaman ölkə rəhbərliyi və cəmiyyət tərəfindən prioritet olaraq qəbul edildiyini, hər zaman ailələrin sağlamlığı, xoşbəxtliyi, rahatlığı üçün dövlət və cəmiyyət tərəfindən lazimi, məsuliyyətli addımlar atıldığını vurğulamışdır. A.Sofiyeva hazırda Azərbaycanda 2 milyon ailə olduğunu, hər il orta hesabla ölkədə səksən (80) mindən çox nikah qurulduğunu qeyd etmişdir. Respublikamızda olan boşanma hallarının 60-70 faizinin ailələrdə uşağın olmamasına görə baş verdiyini, hər il Azərbaycanda 300-ə yaxın talassemiyalı uşağın doğulduğunu qeyd edən A.Sofiyeva, Ailə Məcəlləsinə edilmiş dəyişikliyin bu cür problemlərin aradan qalxmasında çox böyük rolu olacağını vurğulamışdır. Beynəlxalq təcrübəyə nəzər salarkən, ötən əsrin 50-ci illərində Yunanıstanda nikahdan əvvəl tibbi arayışın qanuniləşməsi ilə talassemiya xəstəliyinin qarşısının alındığını söyləyən A.Sofiyeva, bu minvalla ölkəmizdə də bir çox xəstəliklərin qarşısının alınacağını bildirmişdir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev çıxışı zamanı bu dəyişikliyin cəmiyyət tərəfindən tələb edildiyini qeyd etmişdir. Sözü gedən qanunun 15 il müzakirə olunduğunu və zaman keçdikcə müəyyən maarifləndirmə işləri aparıldıqdan sonra ictimaiyyət tərəfindən qəbul edildiyini bildirən M.Quliyev, Azərbaycanda ildən-ilə xəstə doğulan uşaqların sayının artdığını, bütün bunların xəstə insanların evlənməsi nəticəsində baş verdiyini bildirmişdir. Bu gün Azərbaycanda 2000-dən çox hemofiliyalı, 2500-dən çox isə talassemiyalı uşağın olduğunu, həmçinin ölkədə 5000-dən çox insanın ruhi dispanserdə müşahidəyə götürüldüyünü söyləyən millət vəkili, bu halların qarşısını almaq üçün belə bir qanuna ehtiyacın vacibliyini qeyd etmişdir.
Daha sonra konfransda sözügedən mövzu ətrafında millət vəkilləri Kamilə Əliyeva, Sahibə Qafarova, Milli Məclisin Sosial Qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova, 1 saylı Bakı ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova, Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsinin müdir müavini Səkinə Qurbanova, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Hemofiliyalı xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova çıxış etmişlər. O cümlədən “Sağlam Ailə” Tibb Mərkəzlərinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli nikahdan əvvəl tibbi müayinə ilə bağlı təqdimatla çıxış etmişdir. Çıxışlardan sonra müzakirələr zamanı, jurnalist Flora Xəlilzadə, “Dan” İctimai Birliyinin sədri Gülarə Teymurova, “Seba” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədr müavini Zərifə Quliyeva öz fikir və təkliflərini səsləndirmiş, həmçinin təşkilatçı qurumların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri çıxış etmişlər.
Gələcəkdə qanunun təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.