Zaqatala rayonunda “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” adlı layihə çərçivəsində növbəti tədbir keçirilmişdir

31 may 2014

Paylaş:

Layihənin məqsədi AHİK-in üzvlərinin Azərbaycan ailələrinin sosioloji vəziyyəti, ailənin psixoloji iqliminə təsir edən amillər (ailədaxili münasibətlərin işin keyfiyyətinə – iş prosesinin ailə həyatına təsiri), əhalinin öz hüquqlarının öyrənilməsinin inkişaf etdirilməsi, ictimai nəzarətin artırılmasına istiqamətləndirilmiş mövzular ətrafında məlumatlandırılması, müzakirələrin keçirilməsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə əməkdaşlığı ilə keçirilən layihə çərçivəsində növbəti tədbir 30 may 2014-ci il tarixində ekspertlərin iştirakı ilə Zaqatala, Qax, Oğuz, Şəki, Qəbələ və Balakən rayonlarının Həmkarlar İttifaqları Komitələrinin nümayəndələri üçün keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov qonaqları salamlamış, bu cür maarifləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsinin vacibliyindən söz açmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təşkilat İşləri və Məlumat şöbəsinin müdir müavini Əli Cəfərov layihənin keçirilməsinin əhəmiyyətini qeyd etmiş, Komitə və Konfederasiyanın uğurlu əməkdaşlığı nəticəsində artıq bir çox bölgələrdə tədbirlər keçirildiyini söyləmiş, keçirilmiş tədbirlərin uğurlu nəticələrindən bəhs etmişdir.

«Azərbaycan ailələrinin sosioloji vəziyyəti» mövzusunda çıxış edən Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova təqdimat vasitəsi ilə Komitənin ailələrlə bağlı fəaliyyəti istiqamətində olan statistik məlumatları və sosial analitik araşdırmaları qonaqlara təqdim etmiş, Komitə tərəfindən ailə, qadın və uşaq sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat vermiş, Komitənin Respublikamızda bu istiqamətlərdə dövlət siyasətini yürütdüyünü və regional bir çox layihələrə imza atdığını qeyd etmiş, hal-hazırda Respublikamızda aparılan müsbət yönümlü irəliləyişlərdən söhbət açmışdır.

«Ailədaxili münasibətlər hüquqi prizmadan» mövzusunda çıxış edən AQUPDK-nın “Ailə Problemləri” şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov çıxışında ölkədə baş verən erkən nikah və zorakılıq halları, onların yaratdığı fəsadlar, nikah müqaviləsinin əhəmiyyəti, nikahın pozulması nəticəsində yaranmış problemlərin aradan qaldırılması, insanların əmək hüquqlarının müdafiəsi kimi məsələlərə toxunmuşdur.

Çıxışlardan sonra tədbir iştirakçılarına “Affekt” filmi nümayiş etdirilmiş, müzakirələr əsnasında KİV-də ailə məsələlərinin təbliği, müasir  cəmiyyətdə Ağsaqqallar və Ağbirçəklər Şurasının fəaliyyətinin önəmi, məktəblərdə psixoloq ştatlarının artırılmasının vacibliyi kimi məsələlərə toxunulmuşdur. Sonda tədbir iştirakçılarına Komitə və Konfederasiya tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri paylanılmışdır.