Azərbaycan elmində özünəməxsus yeri olan görkəmli alim Rəfiqə Əliyevanın əziz xatirəsini dərin hüznlə yad edirik

6 may 2023

Paylaş:

Respublikanın tanınmış kimyaçı alimi, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru Rəfiqə Əliyeva Azərbaycan elminin kimya istiqamətində özünəməxsus iz qoyub. O,bütün ömrünü, qüvvə, bilik və bacarığını kimya elminin inkişafına və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına həsr etmişdir.

Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verən Rəfiqə Əliyevanın fəaliyyətində kimyanın inkişafı ilə ətraf mühitin qorunması mühüm istiqamət olmuşdur.

450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur və onun rəhbərliyi ilə 2 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır.

Alimin ölkəmizin ictimai-siyasi həyatında, elmi-maarifçilik mühitində fəallığı ilə hər zaman seçilib. Tanınmış kimyaçı alimin məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli alimin xatirəsi gələcək nəsillərin qəlbində daim yaşayacaqdır.