Regionlarda erkən nikahın və qohum evliliyinin mənfi təsirləri mövzusunda maarifləndirici tədbirlər davam etdirilir

20 aprel 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 11-19 aprel 2023-cü il tarixlərdə mərkəzlərdə və təhsil müəssisələrində erkən nikahın və qohum evliliyinin mənfi təsirləri mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilib.

Aidiyyəti qurumların dəstəyi ilə keçirilən tədbirlərdə UADM-lərin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, həkimlər, rayon ictimaiyyətinin nümayəndələri, məktəblərin müəllim və şagird kollektivi, tələbələr, valideynlər iştirak ediblər.

Maarifləndirici görüşlərdə qeyd olunub ki, Dövlət Komitəsi əhalinin, xüsusilə də yeniyetmə və gənclərin erkən nikahın, qohum evliliyinin mənfi təsirlərinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verir, bu istiqamətdə silsilə tədbirlər keçirir. Eyni zamanda Komitə tərəfindən müvafiq sahədə araşdırmalar aparılır, təhlillər hazırlanır.

Görüşlər zamanı iştirakçıların diqqətinə çatdırılıb ki, qızların erkən yaşda evlənməsi onların təhsildən yayınmasına şərait yaradır, uşaqların həyat və sağlamlığını təhlükə qarşısında qoyur. Belə ki, yeniyetmə hamilələrin doğuş zamanı ölüm riski 20 yaşından yuxarı olan analarla müqayisədə 2 dəfə artıqdır. Qohum evliliyi isə uşaqlarda bir sıra irsi xəstəliklərin meydana çıxması riskini artırır.

Tədbirlərdə valideynlərin və şagirdlərin sualları cavablandırılıb, “Uşaqlığımızı əlimizdən almayın” adlı videoçarx nümayiş olunub və “Erkən nikahın və qohum evliliyinin ana və uşaq sağlamlığına mənfi təsirləri” adlı bukletlər paylanılıb.

Ümumilikdə 549 nəfər maarifləndirici görüşlərdən bəhrələnib.