Regionlarda uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və qarşısının alınması istiqamətində tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 11-14 aprel 2023-cü il tarixlərdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmə işinin təşkili və fəaliyyətin gücləndirilməsi, o cümlədən bu halların mənfi nəticələri barədə ictimaiyyətin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Aidiyyəti qurumların dəstəyi ilə keçirilən tədbirlərdə UADM-lərin və müvafiq qurumların əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, məktəblərin müəllim və şagird kollektivi, psixoloqlar, valideynlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Maarifləndirici görüşlərdə müvafiq sahədə ölkəmizdə həyata keçirilən tədbirlər, uşaq əməyinin formaları, qanunvericiliklə müəyyən edilmiş əmək normaları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, uşaq əməyinin istismarı onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla yanaşı, eyni zamanda təhsildən məhrum edir, uşaqların fiziki-mənəvi inkişafına zərbə vurur.
Tədbirlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirmə materialları paylanılıb. Ümumilikdə 1006 nəfər maarifləndirici görüşlərdən bəhrələnib.