“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə və Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirici görüşlərin davamı olaraq 13 aprel 2023-cü il tarixində Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin tələbə və müəllim heyətinin iştirakı ilə görüş keçirilib.
“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda keçirilən görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva təqdimatla çıxış edərək, tədbir iştirakçılarına təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması və reproduktiv sağlamlığın qorunmasına dair tövsiyələrdən bəhs edib.
K.Əliyeva Azərbaycanda əhalinin dinamik artımının təmin olunmasının, yeniyetmə və gənclərin sağlam nəsil kimi yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, əhalinin, xüsusilə də uşaq və gənclərin sağlamlığının qorunması, reproduktiv sağlamlıq hüquqlarının təmin olunması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması istiqamətdə qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər barədə danışıb.
Sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova çıxış edərək, reproduktiv sağlamlığın əsas amilləri, erkən nikahların reproduktiv sağlamlığa mənfi təsiri, hamiləliyin süni yol ilə pozulmasının fəsadları haqqında məlumat verib.
Daha sonra kollecin tədris hissəsinin müdiri Natavan Əliyeva çıxış edərək, belə məlumatlandırıcı görüşlərin yeniyetmə və gənclər üçün əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.