“Həyatının memarı Sən özünsən” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib

10 aprel 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Həyatının memarı Sən özünsən” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Ləman Mahmudova çıxış edərək, gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, insan sağlamlığına müsbət təsir edən amillərdən və ziyanlı vərdişlərin gənclərin sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışıb.

Daha sonra tədbirdə çıxış edən Bakı şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, həmçinin 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Təranə Aslanova keçirilən maarifləndirmə işlərindən danışaraq, gənclər arasında narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunması haqqında söhbət aparıblar.

Sonda 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə mövzu ilə əlaqədar səhnə nümayiş olunub.