İnternetdən təhlükəsiz istifadənin təbliği məqsədilə məktəblərdə təlimlər keçirilir

5 aprel 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların kibertəhlükələrdən və zərərli informasiyalardan qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Xəzər rayonu, 218 nömrəli məktəbdə “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” mövzusu üzrə maarifləndirici təlim keçirilib.

05 aprel 2023-cü il tarixində 7-8-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən təlim Dövlət Komitəsinin əməkdaşları Sevil Rəsulzadə və Qeys Ağalarov tərəfindən aparılıb.

Uşaqlara internetin zərərli təsirləri və onlayn məkanda yaranan təhlükə və risklərdən müdafiə üsulları, bu istiqamətdə valideyn və müəllimlərlə məsləhətləşmənin vacibliyi, şəxsi məlumatların qorunması və sosial şəbəkələrdə paylaşılmamasının vacibliyi, viruslu proqram və saytları seçə bilmə üsulları barədə ətraflı məlumatlar verilib.

Təlim zamanı uşaqlara Dövlət Komitəsi tərəfindən hazırlanmış məlumatlandırıcı qeyd dəftərləri və bukletlər paylanılıb.

İnteraktiv şəkildə keçirilən təlim zamanı uşaqları maraqlandıran suallar cavablandırılıb.