“Gənclərə tövsiyəm babalarımızdan bizə miras qalmış ana dilimizi, vicdanımızı və vətənimizi hər zaman qorumaqdır”
Paylaş:
“Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı 5 övlad, 10 nəvə və 2 nəticəsi olan, Zərdab rayon Gəlmə kənd sakini Qocayevlər ailəsidir.
Həm oğlunun, həm də nəvələrinin Vətən uğrunda mübarizədə qəhrəmanlıq sərgiləməyindən qürurlandıqlarını bildirən Qocayevlər ailəsi qəhrəmanlıqlarla dolu həyat hekayəsi ilə gənclərimiz üçün parlaq nümunədir.
Kənd sakinləri arasında mehriban, ünsiyyətcil, zəhmətkeş, vətənpərvər insanlar kimi tanınan Qocayevlər ailəsinin qonağı olduq. Ailənin sevgi ilə isinmiş isti evlərinə daxil olarkən Yasin baba və ailəsi bizi böyük mehribanlıqla qarşıladı. Bu mehribançılığı gördükdə isə ailə haqqında eşitdiklərimizin canlı şahidi olduq.
Yasin baba ilə maraqlı söhbətimiz baş tutdu və övladının 1-ci Qarabağ müharibəsində şəhid olduğunu, nəvələrinin 2-ci Qarabağ müharibəsində qazi adını qazandıqlarını, igidlikləri ilə şəhid əmilərinin qisasını aldıqlarını öyrəndik:
- Oğlum 1-ci Qarabağ Müharibəsi illərində hərbi xidmətə yeni getmişdi. Hərbi xidmətə getdikdən sonra oğlumla bir müddət əlaqəmiz var idi. Daha sonra Elmandan xəbər ala bilmədik. O özü bizə zəng edib yaxşı olduğunu, ancaq Qarabağ uğrunda müharibənin başlandığını və halallıq alaraq Vətən uğrunda canını verməyə hazır olduğunu bildirdi. Bir ata olaraq oğlumun bu sözündən narahat oldum, bir tərəfdən də bu cür mərd oğul böyütdüyüm üçün qürur duydum. Özümü toparlaya bilməyib anası ilə birlikdə cəbhəyə yollandıq. Cəbhədə bizim kimi nə qədər gözüyaşlı atalar, analar var idi. O qədər camaatın içində oğulumuzu tapa bilmirdik. İndiyə kimi qulaqlarımda qalan o səs, oğlumun “Ata burdayam...” deyişini eşitdik. Oğlumun sağ-salamat olduğunu görüb onu bağrıma basdım, üstümdən ağır yükün qalxdığını hiss etdim. Oğlumla danışarkən söhbətin bitməsini istəmirdim, sanki hiss etmişdim balamla son danışığımızın olacağını. Oğlumun son dediyi “Ata, mən getməliyəm, haqqınızı halal edin” sözünün əbədi getmək üçün işlədəcəyini bilməzdim. Evə gələndən sonra oğlumdan uzun müddət xəbər ala bilmədik, narahatçılıq yaxamızı buraxmırdı. Bir gün gözləmədiyimiz o xəbər gəldi. Oğlum ana-bacılarının qeyrətini qoruyub, vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucaldı.
30 il sonra Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən bu gün torpaqlarımız işğaldan azad olunub və mənim oğlumun qanı yerdə qalmayıb. Bu orduda əmisinin qisasını almaq üçün nəvələrim də qəhramancasına döyüşdülər. Mənim də illərdir sağalmayan yaralarıma məlhəm oldular. Bu gördüyünüz qazi nəvələrimdən oğlumun təsəllisini alıram. Həm oğlumun, həm nəvələrimin vətən uğrunda mübarizə apardığını görəndə duyğulandım ki, ürəyində vətən sevgisi ilə yaşayan övladlar yetişdirmişəm. "
Daha sonra ailənin digər üzvləri ilə həmsöhbət olduq. Gülarə ana, qızları və oğulları, o qızların və oğulların tərbiyəsi ilə böyüyən igid vətən oğulları ilə söhbət etdik. Bu gözəl insanlarla, mehriban ailə ilə söhbətdən çox məmnun qaldıq. Sanki zaman bir göz qırpımında ötüb keçdi. Hər kəsin ağız dolusu danışdığı Qocayevlər ailəsindən çox gözəl hisslərlə ayrıldıq.