Bahar Muradova BMT-nin İnkişaf Proqramının səlahiyyətli nümayəndəsi ilə görüşüb
Paylaş:
4 aprel 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMPTİ) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros ilə görüşü baş tutub.
Qonaqları salamlayan Bahar Muradova səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib.
Azərbaycanın, eləcə də Dövlət Komitəsinin BMT-nin bütün qurumları ilə konstruktiv əməkdaşlığa söykənən münasibətlərin olduğunu diqqətə çatdıran sədr, bu münasibətlərin inkişafında qarşılıqlı təmasların intensivləşəcəyinə inamını ifadə edib. O, bütün BMT qurumları, o cümlədən İnkişaf Proqramı ilə nəticəyönümlü münasibətlərin qurulduğunu və bu münasibətlər çərçivəsində çoxsaylı layihələrin icra olunduğunu bildirib.
Qadınların səlahiyyətlərinin artırılması, onların imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrdən bəhs edən B. Muradova, sahibkarlığa, məşğulluğa iqtisadi dəstək layihəsini xüsusi vurğulayıb, layihə çərçivəsində ölkənin 15 rayonunda Resurs Mərkəzinin yaradıldığını, yüzlərlə qadının bu prosesə cəlb olunduğunu, sahibkara çevrildiyini söyləyib.
Müstəqilliyin bərpasından sonra müharibənin yaratdığı çətinliklərdən söz açan sədr, Azərbaycanın öz gücü və imkanları çərçivəsində bu münaqişəni sona çatdırmaq üçün lazım olan bütün addımların atıldığını qeyd edib. O, mina təhlükəsi və onun insanların həyatına təsirini vurğulayaraq, keçmiş təmas xəttinə yaxın ərazilərdə Resurs Mərkəzlərində aparılan sosial reabilitasiya işi zamanı yaranan çətinliklərdən bəhs edib və münaqişədən təsirlənmiş ailələrə, xüsusilə qadınlara, uşaqlara dəstəyin göstərilməsi üçün belə layihələrin vacibliyini vurğulayıb.
Görüşü yüksək qiymətləndirən B.Muradova işğaldan azad edilmiş ərazilərdə yeni mərkəzlərin açılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən işlərin birgə fəaliyyətdə mühüm yer tutacağını bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən BMT-nin İnkişaf Proqramının (BMPTİ) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros Dövlət Komitəsi ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən vacib layihələr haqqında məlumat verib.
BMT rəsmisi gender əsaslı zorakılığın qarşısının alınması, qadınların iqtisadi fəaliyyətinə dəstəyin göstərilməsi, onların iqtisadi və maliyyə bacarıqlarının artırılması, eləcə də gələcəkdə öz bizneslərini qurmalarına dəstək məqsədilə bölgələrdə fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərindən 8-nin qeyri-hökumət təşkilatı statusu aldığını da əlavə edib. Bildirilib ki, fəaliyyət göstərdiyi müddət ərzində 7460 qadın Mərkəzlərin fəaliyyətindən faydalanıb. O, “6200-dən artıq qadın təlim kurslarına cəlb edilib, 4000 qadına isə psixoloji və sosial dəstək göstərilib. Bu rəqəmin qarşıdakı dövrdə iki dəfə artırılmasını qarşımıza məqsəd qoymuşuq”-deyə əlavə edib.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət çəkən Nuno.Q bildirib ki, BMT-nin İnkişaf Proqramı bu işdə hökumətin ən yaxın tərəfdaşlarından biridir. O, təşkilat tərəfindən müharibədən sonra öz doğma torpaqlarına geri qaytarılan və münaqişədən əziyyət çəkən insanlarla birgə işin uğurlu icrasına inamını ifadə edib. Qeyd olunub ki, mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə qadınlardan ibarət qrup yaradılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb və gələcəkdə mümkün əməkdaşlıq layihələrindən bəhs edilib.
Görüşdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, sədrin köməkçisi Teymur Məmmədov, həmçinin BMPTİ-nin Proqram şöbəsinin müşaviri Leyla Fəthi iştirak edib.