Erkən nikah və qohumlar arasında nikahların fəsadları barədə maarifləndirmə tədbirləri keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə martın 10 və 16-sı tarixlərində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” adlı maarifləndirmə tədbirləri keçirilib.
Binəqədi rayonunda yerləşən 276 nömrəli və Emin Əliyev adına 297 nömrəli tam orta məktəbdə keçirilən tədbirlərdə Binəqədi rayonunda yerləşən 32 məktəbin şagirdləri, müəllim heyəti və valideynlər iştirak edib. Eyni zamanda Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ilə müvafiq mövzuda maarifləndirici görüş keçirilib. Tədbir və görüşlərdən, ümumilikdə 330 nəfər faydalanıb.
Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, şöbənin əməkdaşları Səmra Əliyeva, Rafiq Mahmudov, Nərgiz Sədrəddinbəyli və Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun əməkdaşı Xəyalə Quliyeva, eləcə də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris şöbəsinin müdiri Zahirə Paşayeva iştirak edib.
Tədbirlərdə məktəb direktorları tərəfindən aktual mövzular üzrə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra təqdimatla çıxış edən Komitə nümayəndələri erkən nikah və qohumlar arasında bağlanan nikahların cəmiyyətimizi narahat edən problemlərdən biri olduğunu qeyd edərək, belə nikahların mənfi nəticələri, onların qarşısının alınmasına dair qanunvericilik, qəbul edilən normativ-hüquqi sənədlər, dövlət tərəfindən görülən işlər haqqında iştirakçılara ətraflı məlumat veriblər. Bu cür hallarla üzləşən şəxslərə dərhal Dövlət Komitəsi yanında fəaliyyət göstərən 860 dəstək xəttinə müraciət etmələri tövsiyə edilib.
Tədbir iştirakçıları ilə müzakirələr formasında keçən tədbirlərdə mövzularla bağlı fikirlər bildirilib və tədbirlərin silsilə şəklində davam etdirilməsi təklif edilib.
Tədbirlərdə “Azərbaycan ailəsi” film festivalına təqdim edilən “Həyat pilləkəni” qısametrajlı filmi və “Sonradan” adlı sosial çarx, erkən nikahlarla bağlı məlumatlandırma posteri nümayiş etdirilib.