Bahar Muradova Serbiyanın ailə rifahı və demoqrafiya naziri ilə görüşüb

9 mart 2023

Paylaş:

9 mart 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın ailə rifahı və demoqrafiya naziri Daria Kisiçlə görüşüb.

Qonaqları salamlayan Komitə sədri Bahar Muradova Azərbaycan ilə Serbiya arasındakı münasibətlərin pozitiv notlar üzərində qurulduğunu, parlamentlərimiz, ölkə rəhbərliyi, eləcə də xalqlarımız arasında münasibətlərin qarşılıqlı əməkdaşlığa və dostluğa söykəndiyini qeyd edib. Son vaxtlar hər iki ölkə rəhbərinin qarşılıqlı səfərlərinin sayının və intensivliyinin artdığına diqqət çəkən B. Muradova, onların cəmiyyətimizə verdiyi mesajların da əksər hallarda üst-üstə düşdüyünü söyləyib.

Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən bəhs edən sədr qeyd edib ki, bütövlükdə ailə, qadın və uşaq məsələləri ilə bağlı siyasətin müəyyənləşdirilməsi və reallaşdırılması üçün səlahiyyəti olan qurumlar arasında işin əlaqələndirilməsi, həssas qrupa daxil olan təbəqə və onların hüquqlarının müdafiəsi üzrə görülən işlər fəaliyyətimizin əsas hissəsini təşkil edir.

İctimai sektor və beynəlxalq təşkilatlarla əməkdaşlığa diqqətən çəkən B. Muradova, həyata keçirilən beynəlxalq layihələlərin ölkəmizin regionlarında icrası prosesi, müxtəlif qrant layihələri vasitəsilə kiçik və orta biznesin inkişafına dəstək göstərilməsi, qadınların iqtisadi cəhətdən səlahiyyətləndirilməsi istiqamətində görülən işlərdən söz açıb: “Bu sahədəki təcrübə həm də beynəlxalq təcrübələrlə zənginləşir. BMT qurumları ilə işləyərək hazırda da fəaliyyətini davam etdirən 18 Resurs Mərkəzi yaratmışıq. Onlar ailələrlə, zorakılığa məruz qalmış qadınlarla, onların iqtisadi və sosial dəstək məsələlərinin həlli ilə məşğuldurlar.” O, həmçinin Komitənin regionlarda fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi haqqında danışıb və bu Mərkəzlərdə həssas təbəqədən olan ailələrə dəstək göstərildiyini əlavə edib.

Komitə sədri işğaldan azad olunmuş ərazilərin abadlaşdırılması, minalardan təmizlənməsi və insanların təhlükəsiz qayıdışının təmin edilməsi istiqamətində layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Serbiyanın ailə rifahı və demoqrafiya naziri Daria Kisiç Azərbaycana ilk rəsmi səfərindən bəhs edərək, ölkə ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan bəhs edib, bu əlaqələrin gələcəkdə ölkələr arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Nazirliyin fəaliyyəti haqqında məlumat verən Daria Kisiç Serbiyada bu sahədə aparılan dövlət siyasəti barədə danışıb, fəaliyyət göstərən sosial xidmət mərkəzlərindən bəhs edib. Xanım nazir Serbiyada demoqrafik vəziyyəti, eləcə də qadınların hüquqlarının təmin olunması ilə bağlı vəziyyəti təhlil edərək, Azərbaycan təcrübəsinin öyrənilməsi istiqamətində ölkələrimiz arasında əməkdaşlığın önəmini qeyd edib.

Xanım nazirin birgə fəaliyyət proqramı təklifinə fikir bildirən sədr Bahar Muradova, təcrübənin öyrənilməsi, qarşılıqlı dəstək göstərilməsi baxımından təklifi yüksək qiymətləndirib. O, ölkələrimizin daha da yaxınlaşması üçün bu görüşün faydalı olacağına inandığını bildirib.

Görüşdə Komitə sədrinin köməkçisi Teymur Məmmədov, Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Ülkər Ömərova, Serbiyanın Azərbaycan Respublikasındakı səfiri Draqan Vladisavljeviç, Nazirliyin Aparat rəhbəri Aleksandar Rankoviç, nazirin xüsusi müşaviri Tiyana Radivojeviç, nazirin xüsusi müşaviri Danijela Yovanoviç, Serbiya Respublikasının səfirliyinin müşaviri Jasmina Jaziç da iştirak edib.