Qəniyevlər ailəsi: “Sağlam ailənin təməli sevgi, səmimi münasibətlərə söykənir”
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Ailələrimizi tanıyaq” layihəsinin bugünkü qonağı Qəniyevlər ailəsidir.
Sabirabadın tanınan və sevilən ailələrindən olan Qəniyevlərlə sizi tanış etmək üçün Komitənin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi onların qonağı olub, 56 illik birgə həyat hekayələrini dinləyiblər.
Uzun illər Sabirabadda birgə xoşbəxt ömür sürən Vəsilə və Kamil Qəniyevlər 1967-ci ildə ailə həyatı qurub, bir-birilərinə qarşı mehriban və səmimi münasibətləri, işgüzarlıqları ilə tanınıblar.
Politexnik İnstitutunun məzunu olan Kamil Qəniyev, ömrünün uzun illərini Azərbaycanın qaz sənayesinə həsr edib. O, Sabirabad şəhərinə ilk qaz xəttinin çəkilməsində yaxından iştirak edib. Göstərdiyi xidmətlər yüksək qiymətləndirilib, “Şərəf nişanı” ordeni, “Sosializm yarışının qalibi” döş nişanları ilə təltif edilib.
Aktiv həyat tərzinə sahib Kamil bəy gənclik illərində Sabirabadın voleybol üzrə yığma komandasının idmançısı kimi yarışlarda fərqlənib. O həmçinin şəhərin bədii özfəaliyyət kollektivində iştirak edərək, Azərbaycan xalq və bəstəkar mahnılarını, muğamlarını məharətlə ifa edib. Hətta 1957-ci ildə musiqi festivalında iştirak edərkən “Bəstənigar” təsnifi ifası lentə alınıb.
Ailənin xanımı Vəsilə Qəniyeva isə uzun illər tibb sahəsində fəaliyyət göstərib. Bakı 1 saylı Tibb Texnikumunu bitirdikdən sonra rayonun 2 saylı uşaq bağçasında tibb işçisi kimi çalışıb, uşaqların sağlamlığının qayğısına qalıb. O, hazırda təqaüddədir.
Qəniyevlərin 1 oğul övladı, 3 nəvəsi var. Oğulları Seymur Sabirabad şəhər poliklinikasında çalışır, həyat yoldaşı isə müəllimdir. Onların üç övladı var, ikisi tələbə, biri məktəblidir.
Kamil bəy uzunömürlü evliliyin sirrini bölüşərkən bunları deyir: “Ailə dəyərlərinin qorunub saxlanılması cəmiyyətin hər bir üzvünün müqəddəs borcu olmalıdır. İlk növbədə yaşadığım həyata, qurduğum ailəyə, uşaqlarıma, nəvələrimə görə Allahıma sonsuz şükr edirəm. İnsan şükürlü olmalıdır ki, Allah hər zaman onun yanında olsun. Sağlam ailənin təməli sevgi, səmimi münasibətlərə söykənir. Ömür-gün yoldaşımla həyatımızı anlayışlı, bir-birimizə hörmət edərək yaşayırıq. Övladımıza örnək olmağa, mehriban, deyib-gülən ailə nümunəsi göstərməyə çalışdıq. Onlar da bu yolu davam etdirirlər. Şükürlər olsun ki, övladımın, gəlinimin, nəvələrimin yaxşı sorağını eşidirəm. Bütün bunlar isə ailə dayaqlarını daha da möhkəmləndirir, ömrümüzü uzadır. Bütün ailələrə xoşbəxtlik arzulayıram”.