Təhlükəsiz reproduktiv davranış və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirici tədbirlər keçirilib

17 fevral 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq, təhlükəsiz reproduktiv sağlamlıq, ailə planlaşdırılması, sağlam həyat tərzinin təbliği istiqamətində əhali arasında məlumatlılığın artırılması, yeniyetmə və gənclərin, eləcə də valideynlərin, gənc anaların, ana olmağa hazırlaşan qadınların maarifləndirilməsi məqsədilə təhsil və istehsalat müəssisələrində, kənd və qəsəbələrdə maarifləndirici işlər aparır.

Bu istiqamətdə görülən işlərin davamı olaraq, Komitənin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Göygöl, Goranboy, İsmayıllı, Qəbələ, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə aidiyyəti qurumlarla birlikdə ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri ilə, kənd və qəsəbələrin qadın sakinləri ilə və istehsalat müəssisələrində çalışan qadınlarla maarifləndirici görüşlər keçirilib.

Tədbirlərdə UADM-lərin əməkdaşları, aidiyyəti qurumların nümayəndələri və mövzu üzrə ekspertlər iştirak ediblər.

İştirakçılar tərəfindən anonimliyi qorunmaqla təqdim olunan suallar mərkəz nümayəndələri və ekspertlər tərəfindən cavablandırılıb.

Tədbirlərdə Komitə tərəfindən hazırlanmış “Reproduktiv sağlamlıq” mövzusunda təqdimat nümayiş etdirilib, “Gender bərabərliyi ana bətnindən başlayır, Gender əsaslı cins seçiminə yox deyək!” adlı maarifləndirici bukletlər paylanılıb.

Maarifləndirici tədbirlərdən ümumilikdə 707 nəfər faydalanıb.