Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva Zərdab Gənclər Evində uşaqlarla görüşüb

15 fevral 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyeva Zərdab Gənclər Evində uşaqlarla görüşüb.

“Liderliyə gedən yol” adlı görüşdə çıxış edən Jalə Əliyeva, 2023-cü ilin “Heydər Əliyev ili” elan olunmasından, Ulu öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsindəki misilsiz xidmətlərindən danışıb. Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyətinin xalqımızın milli sərvəti kimi gələcək nəsillər üçün elmi araşdırmalar mövzusu olduğu qeyd olunub.

Millət vəkili liderlik qabiliyyətini formalaşdırmaq, təşkilatlanma və idarəetmə qabiliyyəti, liderliyin müasir konsepsiyası və digər məsələlər barədə maarifləndirici söhbət aparıb. Bununla yanaşı tədbirdə narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından qarşıda duran əsas vəzifələrdən biri olduğu, ümumtəhsil məktəblərində keçirilən silsilə maarifləndirici tədbirlərin məktəblilərin zərərli vərdişlərdən uzaq durmasında böyük rol oynadığı qeyd edilib.

Tədbir müzakirələrlə davam edib.