Dövlət Komitəsinin aparat rəhbəri Lanzarote Konvensiyasının Tərəflər Komitəsinin 37-ci iclasında iştirak edib

3 fevral 2023

Paylaş:

31 yanvar – 2 fevral 2023-cü il tarixlərində "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının (Lanzarote Konvensiyası) Tərəflər Komitəsinin 37-ci iclası keçirilib.

İclas zamanı adıçəkilən konvensiyanın monitorinqi və yerinə yetirilməsi, müsbət təcrübələr, eyni zamanda uşaqların informasiya kommunikasiya vasitələri ilə zorakılığa və istismara məruz qalma hallarının qarşısının alınması məsələləri müzakirə edilib.

İclas çərçivəsində “EUROPOL”, “Ecpat”, “Hope for Children”, “İNHOPE”, “Missing Children Europe”, “Save the Children” və digər beynəlxalq təşkilatlar tərəfindən aparılmış tədqiqatlar və hesabatlar üzrə təqdimatlar dinlənilib.

Komitə tərəfindən ölkələr üçün hazırlanmış tövsiyə sənədlərinin müzakirəsi keçirilib.

İclasda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva təmsil edib. C. Rəhmətullayeva “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və ondan irəli gələn Tədbirlər Planında Lanzarote konvensiyasının yerinə yetirilməsi ilə bağlı fəaliyyətlərin də nəzərdə tutulduğunu bildirib. O, milli qanunvericiliyin konvensiyaya uyğunlaşdırılması məqsədilə 1 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 4 məcəllə və 6 qanunda dəyişiklikləri nəzərdə tutan Qanunun təstiq edildiyini qeyd edib.

Tərəflər Komitəsi konvensiyanın həyata keçirilməsində tərəfdaş dövlət olaraq Azərbaycanın səylərini müsbət qiymətləndirərək, qəbul olunmuş müvafiq qanunu yüksək dəyərləndirib.

Qeyd edək ki, iclas çərçivəsində Avropa Şurasının Qaçqınlar və Miqrasiya üzrə Baş Katibliyinin xüsusi nümayəndəsi tərəfindən məlumatlar da verilib.

İclas konvensiyaya üzv olmayan, amma təşəbbüslə çıxış edən dövlətlərin müraciətlərinin qəbul edilməsi və beynəlxalq ekspertlər tərəfindən mövzu ilə bağlı Harvard Universitetində həyata keçirilən xüsusi proqram barədə məlumatların təqdim edilməsi ilə davam edib.