Psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib

1 fevral 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM), o cümlədən İcma Resurs və Qadın Resurs Mərkəzlərində psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib.

“Açıq qapı” günü UADM-lərin fəaliyyət göstərdiyi bəzi rayonlarda - Ağdam rayonunun Yeni Quzanlı, Göygöl rayonunun Göycəkənd, Hacıqabul rayonunun Abdulabad, Qəbələ rayonunun Hacallı, Saatlı rayonunun Varxan, Zaqatala rayonunun Gözbarax, Zərdab rayonunun Gödəkqobu kənd və qəsəbələrində səyyar şəkildə keçirilib.

UADM-lər və Resurs mərkəzlərinə daxil olan müraciətlər arasında ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, uşaq inkişafı, psixoloji və sosial xidmət, məişət zorakılığı, aliment, müayinə, müalicə, hüquqi yardım, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək , həmçinin UADM-lərin xidmətlərindən istifadə (aktiv terapiya, psixoloji konsultasiya, ünsiyyət terapiyası, inkişafetdirici məşğələ) kimi məsələlər yer alıb.

“Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı 205 müraciət dinlənilib, onların həlli istiqamətində vətəndaşlara müvafiq dəstək göstərilib.