Erkən nikahın və qohum evliliyinin fəsadları mövzusunda maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlar, idarə, təşkilat və müəssisələrin dəstəyi ilə regionlarda, kənd və qəsəbələrdə yerləşən təhsil müəssisələrində erkən nikahın və qohum evliliyinin fəsadları mövzusunda maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə erkən nikahın və qohum evliliyinin yaratdığı fəsadların sosial cəhətdən həssas əhali qrupunun artmasına səbəb olduğu, erkən nikahların - xüsusilə qızların sağlamlıq vəziyyətinə və təhsildən yayınmasına, qohumlar arasında bağlanan nikahların isə - müxtəlif növ xəstəliklərin geniş surətdə yayılmasına birbaşa təsir göstərdiyi barədə görüş iştirakçılarına məlumat verilib. Eyni zamanda ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi istiqamətində gənclərlə müzakirələr aparılıb, onların mövcud problemlər və onların həlli yolları ilə bağlı fikirləri dinlənilib.
Tədbirlərdə mövzu ilə əlaqəli təqdimat və filmlər nümayiş etdirilib, maarifləndirmə materialları paylanılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Eyni zamanda mövzularla bağlı ailələrə səfərlər də təşkil edilib.