Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illiniz mübarək!
Paylaş:
Əziz həmvətənlər!
Bildiyiniz kimi, 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmaqla “Heydər Əliyev İli” elan edilmişdir.
Ailənin cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev, ailə ənənələrimizi və milli-mənəvi dəyərlərimizi qoruyub saxlayaraq, gələcəyimiz olan uşaqları da bu ruhda tərbiyə etməyin önəmini qeyd etmişdir.
Ümummilli Liderimizin uşaqlara olan sonsuz məhəbbəti, xüsusi qayğısı hamımıza məlumdur. Onların sağlamlığı, yaxşı təhsil və tərbiyə alması, vətənpərvər ruhda böyüməsini daim diqqətdə saxlayan Heydər Əliyevin sayəsində dövlət uşaq siyasəti yeni inkişaf dövrünə qədəm qoymuşdur. Məhz onun rəhbərliyi ilə uşaq hüquqları sahəsində yeni və əsaslı hüquqi baza formalaşmış, beynəlxalq sənədlər ratifikasiya edilmiş, səmərəli icra mexanizmləri yaradılmışdır. Bir sözlə, dövlətin gələcəyi olan uşaqların qarşısında yeni, parlaq üfüqlər açılmışdır.
Ümummilli Liderin uşaq hüquqlarının təminatı üçün göstərdiyi xidmətlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti 2023- cü ildə Uşaq Məsələlərini öz fəaliyyətində daha prioritet istiqamət olaraq müəyyən etmişdir.
Qeyd edək ki, qarşıdan gələn il ərzində uşaq hüquqlarının təminatı sahəsində həm qanunvericiliyin, həm də icra mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müəyyən addımların atılması nəzərdə tutulur. Bu isə ölkəmizdə uşaq inkişafının günün tələbləri səviyyəsinə qaldırılmasına, mövcud müdafiə sisteminin daha da gücləndirilməsinə, bu sahəyə cavabdeh dövlət orqanları və cəmiyyətin fəaliyyətinin daha səmərəli əlaqələndirilməsinə yönəlik tədbirlərin daha geniş müstəvidə həyata keçirilməsinə geniş imkanlar yaradacaqdır.
İnanırıq ki, yeni ildə də uşaq hüquqlarının müdafiəsi, onların qanuni mənafelərinin qorunması və təminatı istiqamətində yeni uğurlarımız, yeni nailiyyətlərimiz olacaqdır.
Beləliklə biz, hər kəsi uşaq hüquqlarını əhatə edən bütün məsələlərə daha həssas yanaşmağa, Qalib Ölkəmizin Qalib Sabahına, yəni gələcəyimiz olan uşaqlara yönəlmiş dövlət siyasətinin icrasında yaxından iştirak etməyə çağırırıq.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, qarşıdan gələn 2023-cü ildə ölkəmizə əmin-amanlıq və davamlı sülh niyyətlərimizin gerçəkləşməsini diləyir, xalqımıza firavanlıq, ailələrimizə xoşbəxtlik, uşaqlarımıza sevinc dolu günlər arzu edirik.
Bayramınız mübarək olsun!