Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı regionlarda qeyd edilir

29 dekabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə regionlarda bayram tədbirləri keçirilib.

Tədbirlər çərçivəsində mərkəzlərin əməkdaşları Şaxta baba və Qar qızla birlikdə şəhid və qazilərin, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrini, o cümlədən rayon xəstəxanalarında müalicə alan uşaqları ziyarət edib, onları bayram hədiyyələri ilə sevindiriblər.

Eyni zamanda UADM-lərdə uşaqlar üçün əyləncəli, musiqili proqramlar təşkil edilib. Mərkəz xidmətlərindən bəhrələnən uşaqlar, onların valideynləri, həssas təbəqədən olan ailələrin uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edilib, uşaqların təqdimatında səhnəciklər, şeirlər, rəqslər, musiqilər, mahnılar ifa olunub. Yeni il münasibətilə keçirilən tədbirlər iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.