Bahar Muradova Vladanka Andreeva ilə görüşüb
Paylaş:
27 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, rezident əlaqələndirici Vladanka Andreeva ilə görüşüb.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, BMT və onun qurumları arasında münasibətlərin 2022-ci il üçün uğurlu nəticələrinə diqqət çəkib, gələcək ildə də birgə əməkdaşlıq sahəsində ölkəmiz üçün çox vacib işlərə imza atılacağına inamını ifadə edib. Azərbaycana gəldiyi gündən bütün proseslərə fəal surətdə qoşulduğuna və təşəbbüslərinə görə BMT rəsmisinə təşəkkürünü bildirən sədr, görülən işlərin dayanıqlılığını təmin etmək məqsədilə intensiv olaraq fəaliyyət göstərməyin, lazım olan məqamda dəstək vermək imkanlarını genişləndirməyin önəmindən bəhs edib.
Hazırda Azərbaycan üçün ən vacib istiqamətlərdən birinin sülhün bərqərar edilməsi olduğunu qeyd edən Bahar Muradova, BMT və onun müvafiq qurumları ilə əməkdaşlığın Azərbaycanın sülh təşəbbüslərini reallaşdırmaq üçün bir vasitə olduğunu diqqətə çatdırıb. Komitə sədri, müharibədən zərər çəkənlərin bərpa proseslərinə cəlb olunması, işğaldan azad olunmuş ərazilərdəki yeni mühitə adaptasiyası ilə bağlı layihələrin intensivləşdirilməsinin vacibliyini qeyd edib. Hazırda işğaldan azad olmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən söz açan sədr, Zəngilan rayonunda fəaliyyət göstərən xüsusi nümayəndəliklə birgə Ağalı kəndində “Ailə klubu”-nun yaradılması məqsədilə təşəbbüs irəli sürüldüyünü qeyd edib və bildirib ki, bu klub icma münasibətlərinin formalaşmasına, ailələrin asudə vaxtının səmərəli təşkilinə xidmət edəcək.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladanka Andreeva səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirib. O, son günlərini yaşadığımız ildə qadınlar sülh və təhlükəsizlik mövzusunun əhəmiyyət kəsb etdiyini, qarşıdan gələn 2023-cü ildə də bu istiqamətdə bir çox tədbirlərin nəzərdə tutulduğunu söyləyib. V.Andreeva, qarşıdan gələn il üçün planlaşdırılan fəaliyyətdə yerlərdə olan ehtiyacları və yerli şəraiti nəzərə alaraq layihələrin hazırlanmasının vacibliyini vurğulayıb. O, qeyd edib ki, Qarabağda yenidən həyatın canlanması istiqamətində əhalinin geri qayıdışı özünəməxsus bir prosesdir və özündə xüsusi ehtiyacları ehtiva edir. Zəngilanda yaradılacaq “Ailə klubu” fikrini müsbət qarşıladığını, bu təcrübədən digər regionlarda da faydalanmağın mümkün olduğunu söyləyib.
Tərəflər həmçinin BMT ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin davamlılığının təmin olunması, gələcəkdə daha da genişləndirilməsi istiqamətində, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin qəbul edilməsi ilə bağlı müzakirə aparılıb.
Görüşdə Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva, BMT ofisində əlaqələndirmə üzrə müşavir Şəms Mustafayeva da iştirak edib.