Bahar Muradova Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində sakinlərlə görüşüb

26 dekabr 2022

Paylaş:

26 dekabr 2022-ci il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində sakinlərlə görüşüb.

Qonaqları salamlayan Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova, torpaqların işğaldan azad edilməsinə görə Ali Baş Komandana və Müzəffər Ordumuza təşəkkür edərək, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Ağalı kənd tam orta məktəbi haqqında məlumat verən N. Həsənova bildirib ki, məktəbin birinci məqsədi ölkəmizə yararlı olan müasir düşüncəli, yüksək əxlaqa mənsub, savadlı və vətənpərvər şəxsiyyətlər yetişdirməkdir.

Çıxışında Ümummilli lider Heydər Əliyevin sözlərini xatırladan Bahar Muradova bildirib ki, elmi dərəcəsindən, təhsil səviyyəsindən asılı olmayaraq hər kəsin bütün nailiyyətlərinə görə məktəbə, müəllimlərə borcludur.

Ümummilli lider Heydər Əliyevi böyük ehtiramla yad edən sədr qeyd edib ki, onun siyasətini bu günün çağırışları içərisindən çox böyük məharətlə irəliyə aparan ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan bütün dünya miqyasında tanınıb, dünya ictimai-siyasi proseslərinin vacib bir hissəsinə, eləcə də iqtisadi, sosial və hərbi-siyasi baxımdan bölgənin ən güclü dövlətinə çevrilib. O, son 300 ilə yaxın tariximizdə Azərbaycanın heç zaman belə güclü, qüdrətli, qətiyyətli və həmrəy olmadığını bildirib və Ulu Öndərimizin fikirlərini səsləndirib: “Bu gün Azərbaycan dünyaya günəş kimi doğur”.

Bahar Muradova, Qarabağdan başlayan zəfər yürüşümüzün son hədəflərinə doğru gedəcəyinə, gün gələcək ölkəmizin hər qarış torpağında Azərbaycanın suveren hüquqlarının bərpa olunacağına əminliyini ifadə edib. O əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, burada yaşayan əhali bütün dünyaya Azərbaycanın kim olduğunu göstərməklə yanaşı, bizim özümüzə öz kimliyimizi bir daha xatırlatdı.

Görüşdə çıxış edən Ağalı kəndinin ilk sakinləri uzun illərdən sonra öz yurd-yuvalarına qayıtmağın sevincini bölüşüblər.

Daha sonra Ağalı kənd tam orta məktəbinə və məktəbəqədər hazırlıq qrupuna baxış keçirilib, uşaqlara bayram hədiyyələri təqdim edilib.