2022-ci ilin nəticələrinə görə uğur qazanmış uşaqlar mükafatlandırılıb

22 dekabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qalib Ölkənin Qalibləri-2022” adlı istedadlı uşaqların mükafatlandırma mərasimi baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra cari ildə qazanılan uğurların mənzərəsini əks etdirən istedadlı uşaqlarla bağlı qısa videoçarx nümayiş etdirilib.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, son iki ilin əldə etdiyimiz nailiyyətlər, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağ probleminin arxivə göndərilməsi və qalib Azərbaycanımızın bir birinin ardınca zəfərlər qazanması dövrü kimi xarakterizə olunduğunu bildirib. Azərbaycan xalqının əsrin xalqı olmağı bacardığını qeyd edən sədr, dövlət və xalq olaraq nüfuzumuzun gündən-günə daha da artdığını, ruhumuzun qalibiyyətə kökləndiyini diqqətə çatdırıb. Bu gün əldə edilən uğurların Ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi xəttlə bağlı olduğunu, qarşıdan gələn 2023-cü ilin Heydər Əliyev ili olduğunu bildirən B.Muradova, Ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edib: “Ölkə Prezidenti, Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli siyasəti sayəsində bu xətt getdikcə daha dəqiq konturları bilinən, eyni zamanda daha dəqiq hədəflərə köklənən bir ruh alır”.

Sədr əlavə edib ki, qazanılan qələbə tarixi köklərə, ideoloji əsaslara, sabaha yönəlik aydın proqramlara, xalqımızın birliyinə, Azərbaycandakı ictima-siyasi həmrəyliyə söykənib. Bütün bunlar Azərbaycanda təhlükəsiz həyat, gəncliyimiz və gələcəyimiz üçün sağlam inkişaf, yüksək təhsil, aydın hədəflər qoymağa xidmət edir.

B. Muradova bildirib ki, ölkədə uşaqların daha təhlükəsiz mühitdə yaşaması üçün bütün şərait yaradılıb. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi həm ölkə daxilində, həm də ölkə xaricində bütün istiqamətlərdə nailiyyətlər qazanır. “Siz Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq, ölkə Prezidenti cənab İlham Əliyevin ardıcılları, onun mövqeyini dəstəkləyən əsl Azərbaycan vətəndaşları, şəxsiyyət kimi böyüyürsünüz” – deyə Komitə sədri əlavə edib.

B. Muradova sonda bütün yeniyetmə və gəncləri təbrik edərək, onları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Anar İsgəndərov dəvətə görə təşəkkür edib, uşaqlarla hər zaman ünsiyyətdə olmaqdan məmnun olduğunu söyləyib. A.İsgəndərov Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər salıb, Azərbaycan Xalq Cümhuriyyəti, dahi rəhbər Heydər Əliyevin siyasi fəaliyyəti, 44 gün davam edən Vətən müharibəsi və şanlı qələbəmiz haqqında ətraflı danışıb, gəncləri vətənpərvər olmağa səsləyib.

A. İsgəndərov ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yeri olduğunu qeyd edib.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu çıxış edərək nailiyyət əldə edən bütün uşaqları təbrik edib, onlara hər bir sahədə maneələri aşaraq daha böyük uğurlar qazanmağı arzu edib. O, uşaqların hər birinin Azərbaycan üçün bir dəyər olduğunu vurğulayıb.

Tədbirdə elm, təhsil, mədəniyyət və idman sahəsində il ərzində Azərbaycanı beynəlxalq olimpiada və yarışlarda təmsil edərək qalib olmuş, eləcə də uşaq iştirakçılığı sahəsində fəallığı ilə seçilən 70 uşaq təltif edilib. Təltifləri Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkili Anar İsgəndərov, Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu təqdim ediblər.

Uşaqlar adından çıxış edən Fidan Nemətli, Anar Mehdiyev və Ayan Əhmədova tədbirin təşkili üçün təşəkkürünü bildirərək, dövlət tərəfindən onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə il ərzində mədəniyyət sahəsində uğur qazanmış uşaqlar tərəfindən müxtəlif musiqi alətlərində ifalar səsləndirilib.

Sonda xatirə fotosu çəkilib.