Bahar Muradova Komitə könüllüləri ilə görüşüb
Paylaş:
22 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova növbəti könüllülük proqramının yekunu ilə bağlı könüllülərlə görüşüb.
Görüş iştirakçılarını salamlayan Bahar Muradova, gənclərlə işin Komitənin fəaliyyətində əsas istiqamətlərdən biri olduğunu qeyd edib. O, bu gün ölkədə gedən proseslər, Azərbaycan dövlətinin öz müstəqilliyini möhkəmləndirmək və hədəflərinə çatmaq üçün həyata keçirdiyi böyükmiqyaslı, çoxşaxəli proqramların cəmiyyətin bütün təbəqəsini, xüsusilə də aparıcı rola malik gəncləri əhatə etdiyini bildirib.
Ölkədə könüllülük hərəkatı ilə bağlı həyata keçirilən fəaliyyətə diqqət çəkən sədr qeyd edib ki, bu gün hər bir dövlət qurumu gəncləri daha çox ictimai həyatda iştiraka və dövlət orqanının fəaliyyət istiqamətləri üzrə vəzifələrin yerinə yetirilməsi işinə cəlb etməyə çalışır. B.Muradova, cəmiyyətdə lokomotiv rolunu oynayan gəncliyə yönəlmiş siyasətin, Azərbaycanın gələcəyinə qoyulan kapital olduğunu vurğulayıb.
Son iki ilin Azərbaycanın həyatında yaxşı mənada silinməz izlər qoyduğunu bildirən sədr, qarşıdan gələn ilin Azərbaycan üçün daha gözəl bir il olacağına ümidini ifadə edib, gənclərə təhsil, karyera həyatlarında, ictimai fəaliyyətlərində uğurlar arzu edib.
Çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, könüllük proqramına cari ilin avqust ayında start verildiyini, müraciət etmiş 90 nəfərdən 28-nin müsahibə ilə seçilərək, Komitədə könüllü fəaliyyətə cəlb edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, 22 sentyabr – 22 dekabr 2022-ci il tarixlərini əhatə edən proqram çərçivəsində könüllülər Komitənin müvafiq struktur bölmələri, Vətəndaşların Qəbulu Mərkəzi, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi və “Uşaq Qaynar Xətt” xidmətində fəaliyyət göstəriblər. Onlar bu müddət ərzində müxtəlif tədbirlərdə iştirak edib, karyera, etik davranış qaydaları, dövlət qulluğunda fəaliyyət, məişət zorakılığı ilə mübarizə mövzularında təlimlərə cəlb ediliblər.
Daha sonra könüllülülər çıxış edərək, fikirlərini bölüşüb, Komitənin fəaliyyəti ilə bağlı təkliflərini səsləndiriblər. Gənclər onlar üçün yaradılan təcrübə mübadiləsi imkanına görə təşəkkür ediblər.
Tədbir müzakirələrlə davam edib və sonda könüllülərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, könüllülük proqramının təşkil olunmasında məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, gəncliyin potensialından səmərəli istifadə etməkdir.