1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “İstedadlı uşaqlar festivalı-2014” adlı tədbir keçirilmişdir
Paylaş:
30 may, 2014-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “YARAT” Müasir İncəsənət Məkanı ilə birgə Beynəlxalq Muğam Mərkəzində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “İstedadlı uşaqlar festivalı-2014” adlı tədbir keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.
Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları və media nümayəndələri, həmçinin 2013-2014-cü illərdə Azərbaycanın bütün şəhər və rayonlarından beynəlxalq müsabiqə və yarışmalarda yüksək nailiyyətlər əldə edərək uğur qazanmış 200-dən çox uşaq iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan AQUPDK-nın sədri Hicran Hüseynova uşaqları təbrik etmiş, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışmış, bu istiqamətdə mükəmməl qanunvericilik bazasının yaradıldığını və müvafiq beynəlxalq sənədlərin qəbul olunduğunu diqqətə çatdırmışdır. Sədr vurğuladı ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Azərbaycan dövlətinin başçısı İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə diqqəti mühüm əhəmiyyət daşıyır.
Heydər Əliyev Fondunun bu sahədə fəaliyyətini qeyd edən Sədr bildirdi ki, Fond uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunmaları və uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirməkdədir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, eyni zamanda, aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara diqqət və qayğı daim diqqət mərkəzindədir.
Daha sonra UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış edərək uşaqları təbrik etdi, Azərbaycanda ənənə halını almış bu bayramın yüksək səviyyədə təşkil olunduğunu bildirdi, həmçinin festivalda iştirak edən istedadlı uşaqların yaradıcılıq uğurlarını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə uşaqların rəsm əsərləri nümayiş etdirilmiş, həmçinin 2013-2014-cü illərdə uğur qazanmış uşaqların fəaliyyətini əks etdirən “İstedadlı uşaqlar-2014” mövzusunda qısa filmin təqdimatı olmuşdur.
Sonra elm-təhsil, yaradıcılıq və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər qazanmış uşaqlar mükafatlandırılmış, “Azərbaycanın gələcəyi” kuboku ilə təltif olunmuşlar.
Tədbir konsert proqramı ilə davam etmişdir.