“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində regionlarda tədbirlər keçirilib
Paylaş:
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən regionlarda tədbirlərin keçirilməsi davam etdirilib.
Bu istiqamətdə mərkəzlərin fəaliyyət göstərdiyi rayonlarda rayon mərkəzləri, qəsəbə və kəndlərdə kənd icra nümayəndəliklərində, ictimai iaşə müəssisələrində, avtovağzallarda, əhalinin sıx olduğu yerlərdə məişət zorakılığının qarşısının alınması ilə bağlı sosial video çarxlar, filmlər nümayiş etdirilib, maarifləndirmə materilları paylanılıb, sakinlərlə söhbətlər aparılıb.
UADM-lərin əməkdaşları məişət zorakılığı ilə üzləşmiş şəxslərin ailələrinə monitorinq səfərləri edib, onların qayğı və ehtiyacları ilə maraqlanıblar.
Eyni zamanda aidiyyəti qurumların dəstəyi ilə UADM-lərdə, təhsil müəssisələrində, Şağan Reabilitasiya Pansionatında dəyirmi masalar, seminarlar, görüşlər keçirilib. Tədbirlərdə iştirakçılara məişət zorakılığı hallarının qarşısının alınması sahəsində mövcud qanunvericilik bazası, zorakılığa məruz qalmış şəxslərin sosial müdafiəsi, tibbi, psixoloji və hüquqi yardımla təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.