Lənkəranda “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

8 dekabr 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni kreativ ideyaların uşaqların yaradıcı potensialının formalaşmasında müstəsna əhəmiyyətini nəzərə alaraq Respublikamızın ayrı-ayrı regionlarında uşaqların ictimai fəallığının artırılması məqsədilə 8 dekabr 2022-ci il tarixində Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı rayonu və Lənkəran şəhəri üzrə 14-18 yaş qruplarından olan uşaqlar arasında növbəti müsabiqə təşkil edilib.

Müsabiqənin məqsədi uşaqların şəxsiyyət kimi formalaşması, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, uşaqların intellektual inkişafının stimullaşdırılması, onlarda sərbəst düşünmə və problem həlletmə qabliyyətinin inkişaf etdirilməsi, istedadlı uşaqların cəmiyyətə təqdim olunması məqsədi daşıyır.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilib, onların xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədovanın aparıcılığı ilə baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva tədbir iştirakçılarını salamlayıb. O, qısa müddət öncə Bakıda baş tutmuş eyniadlı tədbirdə uşaqlar fəallığına diqqət çəkərək, regionlardakı uşaqların fəallığının artırılması və istedadlı uşaqların ictimaiyyətə təqdim edilməsi məqsədilə cənub bölgəsi üzrə də müsabiqənin keçirilməsinin önəmini qeyd edib.

Daha sonra Səfirlər Məclisinin üzvü Aşurbəy Məmmədov tərəfindən layihə müsabiqəsinə dair xronologiyanı özündə əks etdirən təqdimat göstərilib.

Çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov iştirakçı uşaqların hər birini təbrik edib, bu cür təşəbbüslərin davamlı olmasını arzu ediblər.

Tədbirin davamında kreativ yanaşma tərzinə görə fərqlənən layihələrin sahibləri diplom, kubok, planşet və digər hədiyyələr təltif edilib.

Tədbir bədii hissə ilə davam edib.