Biləsuvar raonunda “Erkən nikahın fəsadları-natamam gələcək” adlı konfrans keçirilib
Paylaş:
6 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Erkən nikahın fəsadları-natamam gələcək” adlı konfrans keçirilib.
Konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransı giriş nitqi ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqları salamlayıb. Tədbirin əhəmiyyətini vurğulayan F.Qürbətov, erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər barədə danışıb. O, erkən nikahın fiziki və psixoloji fəsadları, eləcə də qeyri-rəsmi nikahın yaratdığı problemlərdən söz açıb.
Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mövzunun aktuallığına diqqət çəkib. Hazırda bütün dünyada gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasının davam etdiyini qeyd edən B.Muradova, uşaqların erkən nikaha cəlb olunmasının baş verən zorakılıq halları içərisində ən ağırı olduğunu bildirib: “Çox zaman erkən evliliyə cəlb olunmuş insanın psixologiyasında yaranan dəyişikliklərin ağır fəsadlarının aradan qaldırılması mümkün olmur”.
Ölkədə bu istiqamətdə görülən işlərdən danışan Komitə sədri, bütün bu fəaliyyətlərin məhz gələcək nəslin sağlam, savadlı böyüməsi, hərtərəfli qayğı ilə əhatə olunması üçün olduğunu vurğulayıb. O, eyni zamanda Dövlət Komitəsi tərəfindən bu sahədəki vəziyyəti öyrənmək üçün həyata keçirilən təhlillərin bir çox vacib məqamları üzə çıxardığını bildirib.
Biləsuvar rayonunda erkən nikah və məişət zorakılığına qarşı mübarizə işinin səmərəliliyinin artırılması məqsədilə şəhər və kənd bələdiyyələrində yaradılan monitorinq qrupları ilə bağlı təşəbbüsün geniş vüsət alacağı təqdirdə müsbət nəticələr verəcəyini qeyd edən Sədr, bu təcrübənin digər rayonlarda da tətbiq olunacağına ümidini ifadə edib.
Daha sonra Komitənin digər qurumlarla birgə əməkdaşlıq çərçivəsində hazırladığı “Erkən nikaha yox deyirik!” adlı sosial çarx nümayiş etdirilib.
Daha sonra “Erkən nikahlar” haqqında təqdimatla çıxış edən Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri, bu istiqamətdə qanunvericilik bazası, həmçinin gənclər arasında maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər və bir sıra statistik rəqəmləri diqqətə çatdırıb.
Daha sonra çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova rayonda fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqin aparılması üçün yaradılmış yerli monitorinq qrupu”, həmçinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən aidiyyəti idarə, müəssisə və təşkilatlarla əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib, erkən və qeyri-rəsmi, həmçinin qohumlar arasında nikah hallarının azaldılması və bu məsələnin nəzarətdə saxlanılması məqsədilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Daha sonra Biləsuvar rayon polis şöbəsinin rəisi Nəsib Məmmədov və rayon prokuroru Camal Bağırov çıxış edərək, mövzu haqqında fikirlərini bölüşüblər.
Tədbir müzakirələrlə davam edib.