Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə uşaqlar üçün xeyriyyə aksiyası təşkil olunub
Paylaş:
3 dekabr 2022-ci il tarixində Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə Dövlət Komitəsi və Liv Bona Dea Hospitalının birgə təşkilatçılığı ilə şəhid və qazi ailələrinin övladları, həmçinin Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin xidmətlərdən faydalanan uşaqlar üçün xeyriyyə aksiyası təşkil olunub.
Tədbiri giriş nitqi ilə açan Türkiyə-Azərbaycan könüllüsü Monik İpekel hər kəsi salamlayıb. O, iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə istiqamətlənmiş belə tədbirlərin vacibliyini vurğulayıb. Bildirib ki, aksiya çərçivəsində 5 dekabr tarixindən etibarən 15 dekabr tarixinədək tibb müəssisəsinin könüllü həkim heyəti tərəfindən uşaqların müayinəsi həyata keçiriləcəkdir.
Çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova sağlamlıq imkanları məhdud uşaqlara mənəvi yardım göstərmək və ictimaiyyətin diqqətini onlara yönəltmək məqsədilə təşkil olunan bu xeyriyyə aksiyasının önəmindən bəhs edib. O, qeyd edib ki, bütün dünya məhz bu gün, bu mövzu ətrafında daha çox düşünür və müzakirələr aparır.
Həyata keçirilən dövlət siyasətindən danışan Bahar Muradova əlavə edib ki, bütün dövət qurumları, ictimai təşkilatlar bu mövzunu daim diqqətdə saxlayır, xüsusilə də Heydər Əiyev Fondu və rəhbəri Mehriban xanım Əliyeva tərəfindən çoxsaylı işlər görülür.Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edən B.Muradova, qısa müddət öncə Türkiyə ilə Azərbaycan arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq sahəsində imzalanan Fəaliyyət Planına da diqqət çəkib. Uşaqlarla bağlı həyata keçirilən layihələrin Komitənin əsas istiqamətlərindən biri olduğunu qeyd edən sədr, gələcəyimiz olan uşaqlar üçün reallaşdırılan bu önəmli işdə və həyata keçirilən layihələrdə əməkdaşlığa maraqlı olduğunu, bütün fəaliyyətlərdə hər zaman dəstək verməyə hazır olduğunu vurğulayıb.
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Məlahət İbrahimqızı, Liv Hospital Qrup Koordinatoru Meri İstroti və bir sıra ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə qonaqlara plaket və sertifikatlar təqdim edilib.
Tədbir uşaqların ifasında şeirlərin səsləndirilməsi və bədii hissə ilə davam edib.
Sonda aksiya çərçivəsində iştirakçı uşaqlara hədiyyələr təqdim edilib.