Türkiyədə keçirilən 23-cü Beynəlxalq Uşaq Forumunun iştirakçısı Dövlət Komitəsinin sədr müavini ilə görüşüb
Paylaş:
16 ölkədən 60-a yaxın uşağın iştirak etdiyi Forumda Azərbaycanı təmsil edən Uşaq Səfirlər Məclisinin Beynəlxalq əlaqələr departamentinin direktoru Rəfail Əzizli Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ilə görüşürək, tədbir haqqında təəssüratlarını bölüşüb.
O, azərbaycanlı uşaqlar adından fikirlər səsləndirdiyi üçün qürur hissi keçirdiyini qeyd edib. Eyni zamanda əldə etdiyi təcrübəni yoldaşları arasında bölüşəcəyini bildirib. İştirakçı tədbir çərçivəsində uşaq hüquqlarının qorunması, onların müxtəlif xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlər haqqında aparılan müzakirələri diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirakçını fəal təmsilçiliyinə görə təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzu edib. O, qeyd olunan məsələlər ilə bağlı Uşaq Səfirlər Məclisinin fəaliyyətinə dair tövsiyələrini səsləndirərək, Dövlət Komitəsinin bu istiqamətdə daim dəstək göstərəcəyini vurğulayıb.