“Uşaq hüquqları aylığı” çərçivəsində regionlarda silsilə tədbirlər keçirilib

21 noyabr 2022

Paylaş:

Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində hər il olduğu kimi 2022-ci ildə də 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zaqatala, Zərdab, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən silsilə tədbirlər, o cümlədən dəyirmi masalar, maarifləndirici diskussiyalar, əyləncəli oyunlar təşkil edilib, həssas təbəqədən olan ailələrin uşaqları ilə görüşlər keçirilib, onlara hədiyyələr təqdim edilib.

UADM-lərdə, rayon Heydər Əliyev Mərkəzlərində, təhsil müəssisələrində, rayon Tarix-Diyarşünaslıq Muzeylərində keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətləri, aidiyyəti idarə, təşkilat, müəssisələrin yerli qurumları, qeyri-hökumət təşkilatlarının nümayəndələri yaxından iştirak ediblər.

Tədbirlərdə ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində görülən işlərdən söz açılıb. Vurğulanıb ki, uşaqlar sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ölkəmizdə uşaqlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, onların sağlamlığı, təlim-tərbiyəsi, təhsili sahəsində ardıcıl iş aparılır.

Qeyd edək ki, “Uşaq Hüquqları Aylığı”nın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.