Xaçmaz Qadın Resurs Mərkəzi ziyarət edilib

14 noyabr 2022

Paylaş:

14 noyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Xaçmaz rayon icra başçısı Elnur Rzayev və millət vəkili Sevil Mikayılova Xaçmaz rayonunda yerləşən Qadın Resurs Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Görüş çərçivəsində qadınların bacarıqlarının artırılması, sahibkarlıq fəaliyyətlərinin genişləndirilməsi istiqamətində onlara göstərilən xidmətlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Qeyd edilib ki, mərkəzdə biznesin inkişafı, maliyyə savadlılığı, SMM kimi mövzularda təlimlər təşkil edilib, eyni zamanda gender əsaslı zorakılıq qurbanlarına psixoloji və hüquqi dəstək xidmətləri göstərilib.

Qadın Resurs Mərkəzlərini qadınların şəbəkələşməsinə töhfə verən platforma kimi qiymətləndirən Bahar Muradova bildirib ki, Xaçmaz QRM də həssas təbəqədən olan qadınlara yönələn tədbir və layihələri həyata keçirmək, o cümlədən onların məşğulluğunun, bilik və bacarıqlarının artırılmasına dəstək vermək istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin İnkişaf Proqramı və USAID-lə birgə həyata keçirdiyi layihə çərçivəsində yaradılan Xaçmaz Qadın Resurs Mərkəzin yaradılmasında məqsəd biznes sahəsində qadınların bacarıqlarını inkişaf etdirmək və onların əmək bazarında rəqabətliliyini artırmaq, habelə onları səlahiyyətləndirərək qadınların qarşılaşdıqları sosial və iqtisadi çətinliklərin aradan qaldırılmasına dəstək olmaqdır.