Bahar Muradova İstanbulda V Beynəlxalq Qadın və Ədalət Zirvəsində çıxış edib

4 noyabr 2022

Paylaş:

4-5 noyabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi, Qadın və Demokratiya Dərnəyi tərəfindən təşkil olunan “V Beynəlxalq Qadın və Ədalət Zirvəsi”ndə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edir.

Zirvə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış nitqi ilə başlayıb, ardınca KADEM başkanı Dr. Saliha Okur Gümrükçüoğlu, Ailə və sosial xidmətlər naziri Derya Yanık çıxış edib.

Daha sonra BMT-nin Qadınlar, Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru və Türkiyə Nümayəndəsi Alia El-Yassirin moderatorluğu ilə baş tutan “Daha ədalətli olmağa doğru: qadınlar dəyişikliyin obyekti kimi” mövzusunda keçirilən Liderlər İclasında Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Dərya Yanıkın, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, Əlcəzair xalq Demokratik Respublikasının Milli Həmrəylik, Ailə və Qadının Statusu naziri Kaouter Krikounun, Sinqapurun Sosial və Ailə İnkişafı Naziri Masagos Zulkiflinin, Tanzaniyanın Sosial İnkişaf, Gender, Qadınlar və Xüsusi Qruplar Naziri Dorothy Onesphoro Gwajimanın, Liviyanın Sosial İşlər Naziri Wafaa Abu Bakr Muhammad Al-Kilaninin və Fələstinin Qadın İşləri naziri Amal Hamadın çıxışları dinlənilib.

Liderlər İclasında  çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova növbəti dəfə qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edib. O, Ermənistan üzərində tarixi qələbənin əldə edilməsinin 2-ci ildönümünü böyük qürurla qeyd edən Azərbaycan xalqı və hökuməti adından hər kəsi salamlayaraq, Zirvənin işinə uğurlar arzu edib.  

O, qeyd edib ki, “Mədəni kodlar və Qadın” mövzusunda keçirilən bu mötəbər Zirvə toplantısının gündəliyi ölkələrimizdə və ümumiyyətlə dünyada baş verən transformasiyaların qadınların həyatına təsirləri barədə hərtərəfli diskussiya aparmaq üçün geniş imkanlar yaradır.  

B.Muradova Azərbaycan dövlətinin  qadın hüquqlarının təmin olunmasına xüsusi  önəm verdiyini, gender bərabərliyi, qadınların sosial və ictimai həyatın bütün sahələrində bərabər iştirakını təmin etməyə yönəlmiş siyasət apardığını diqqətə çatdırıb. “Vaxtı ilə Şərqdə qızların təhsilinə qayğı göstərən ilk ölkələrdən biri olan Azərbaycanda səhiyyə və elmi fəaliyyət sahələrində qadınların üstünlüyü, ölkənin sosial-iqtisadi və siyasi həyatında iştirak payı, parlament və bələdiyyələrdə təmsilçiliyi, texniki və yeni yaranan fəaliyyət sahələrində iştirakçılıq faizi də artmaqdadır” – deyə əlavə edib. O, Azərbaycan hökuməti tərəfindən xüsusən regionlarda qadın və qızların ictimai-siyasi həyatda fəal iştirakının təşviqi və onların səhiyyəyə əlçatanlığa dair imkanların genişləndiriləsi üçün mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb.

Gender problemləri ilə bağlı sistemli işin həyata keçirilməsi üçün bələdiyyələrdə yaradılan Gender Komissiyaları və ölkənin əksər dövlət, özəl müəssisə və təşkilatlarında fəaliyyət göstərən gender məsul şəxslərə diqqət çəkən Sədr, onlar arasında koordinasiya və operativliyi gücləndirərək, fəaliyyətin şəffaflığını təmin etmək məqsədilə Gender Azərbaycan portalının fəaliyyətə başladığını da qeyd edib.

Bu gün ənənəvi və rəqəmsal medianın həm məlumat, həm də fikir formalaşdıran mənbə kimi gender bərabərliyinin təmin olunması istiqamətində müsbət dəyişikliklərə mühüm töhfələr verdiyini bildirən

Komitə sədri qeyd edib ki, mediada “genderə həssas yanaşma” tətbiq edilməklə, mənfi stereotiplərlə mübarizəyə geniş yer verilməlidir. O, eyni zamanda, mənfi stereotiplərə mübarizədə vətəndaş cəmiyyəti qurumları ilə birgə əməkdaşlığa xüsusi önəm verildiyini bildirib.

Qadın hüquqlarının etibarlı müdafiəsi üçün onların iqtisadi asılılığının azaldılmasının, məşğulluq imkanlarının genişləndirilməsinin  vacib olduğunu və bunun əmək bazarı,  idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsilçiliklə nəticələndiyini vurğulayıb. Bu mexanizmlərin qadınlara qarşı müxtəlif xarakterli hüquqpozmaların, xüsusilə məişət zorakılığının səviyyəsinə də təsir göstərdiyini əlavə edib. Sədr Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun və müvafiq Fəaliyyət Planının bu istiqamətdə effektiv və hərtərəfli fəaliyyətə daha geniş imkanlar yaratdığını bildirib.

Qadına qarşı şiddətdən danışarkən silahlı münaqişələrin yaratdığı fəsadlara diqqət çəkən B.Muradova dünyanın pandemiya ilə mübarizə apardığı bir zamanda Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın bütün gücünü bir yumruğa cəmləyərək, qardaş Türkiyənin də siyasi və mənəvi dəstəyi ilə öz torpaqlarını işğaldan azad etdiyini və tarixi ədalətin bərpa edildiyini qeyd edib. Sədr, “Azərbaycan, qurucu lideri, dahi siyasətçi Heydər Əliyevin siyasi yoluna və dövlətçilik ənənələrinə sadiqliyini davam etdirərək, ölkədə və regionda sülhün, sabitliyin tərəfdarı kimi çıxış edir, multikultural dəyərlərə önəm verdiyini nümayiş etdirir”- deyə əlavə edib.

Hazırda işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına istiqamətlənən bərpa və quruculuq işlərinin həyata keçirildiyinə diqqət çəkən Komitə sədri bildirib ki, işğal dövründə  tamamilə dağıdılmış həmin ərazilərin kütləvi şəkildə minalarla çirkləndirilməsi dövlətin genişmiqyaslı quruculuq planlarının həyata keçirilməsinə ciddi şəkildə maneə törədir. O, “30 illik  münaqişə və təcavüzdən  təsirlənmiş, 100 minlərlə yaxın və doğmalarını itirən qadınların hüquqlarını bərpa etmək istiqamətində həyata keçirdiyimiz fəaliyyətimizdə qardaş Türkiyənin hərtərəfli iştirak və dəstəyini yüksək qiymətləndiririk”- deyə qeyd edib.

Çıxışının sonunda Bahar Muradova qeyd edib ki, hər zaman mövcud olan çağırışları dövrün tələbləri və milli maraqlarımız kontekstində dəyərləndirməli, malik olduğumuz mədəni kodların bizə ötürdüyü dəyərlərin qorunmasıyla yanaşı, müasir inkişaf tendensiyalarına da açıq olmalıyıq.

Qeyd edək ki, V Qadın və Ədalət Zirvəsi 5 noyabr tarixində də davam edəcək.