Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar regionlarda silsilə tədbirlər davam edir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Zərdab, Goranboy, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar regionlarda aidiyyəti idarə, müəssisə və təşkilatların dəstəyi ilə silsilə tədbirlər keçirilir.
Mərkəzlərin əməkdaşları həssas təbəqədən olan şəxslər, o cümlədən şəhid ailələri, qazilər, məcburi köçkün ailələrinə mütəmadi olaraq səfərlər edir, onların problem və qayğıları ilə maraqlanır, psixo-sosial dəstək göstərirlər.
Şüvəlan UADM-in əməkdaşları və könüllüləri Bakının Türkan, Mərdəkan, Zirə, Binə, Qala və Şüvəlan kənd və qəsəbələrində yaşayan şəhid ailələrinə səfər edib, onların qayğıları ilə maraqlanıblar. Həmçinin Buzovna qəsəbəsinin Atıcı Düşərgəsində məskunlaşmış Zəngilan rayonundan olan məcburi köçkün ailələrinin nümayəndələri ilə görüş keçiriblər. Görüşlər zamanı ordumuzun keçdiyi şanlı qələbə yolundan, işğaldan azad olunmuş regionlarda aparılan rekonstruksiya işlərindən danışılıb.
Ağdam UADM tərəfindən Bərdə şəhərində erməni terroru nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsinin yad edilməsi məqsədilə şəhid olan mülki şəxslərin ailələri ilə görüşlər keçirilib. Göygöl UADM tərəfindən Göygöl Peşə məktəbində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror nəticəsində şəhid olmuş insanların xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Mərkəzlər tərəfindən Cəbrayıl, Füzuli, Qubadlı şəhərlərinin işğaldan azad olunmasının ikinci ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə şəhidlərin ailə üzvləri, qazilər, UADM-lərin əməkdaşları, məktəblilər, könüllülər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, anım tədbirləri “Zəfər Günü” ərəfəsində davam etdiriləcək.