Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin könüllülük proqramı çərçivəsində növbəti görüş keçirilib

27 oktyabr 2022

Paylaş:

Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri, Avropa Şurasının Gender Bərabərliyi üzrə Komissiyasının üzvü Fərid Ədilovun iştirakı ilə keçirilən görüşdə könüllülərə Dövlət Komitəsinin beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlığı çərçivəsində həyata keçirilən fəaliyyətlər, müvafiq sahə üzrə Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyalar barədə məlumat verilib.

F.Ədilov, həmçinin könüllülərin marağını nəzərə alaraq, uğurlu ixtisas və peşə seçimləri, xaricdə təhsil imkanları və bu istiqamətdə mövcud təqaüd proqramlarından yararlanmaq imkanları barədə danışıb, onları maraqlandıran sualları cavablandırıb.

Daha sonra könüllülərə Kadr və Kargüzarlıq şöbəsinin əməkdaşı Roza Şamıyeva tərəfindən “Dövlət qulluğunda karyera”, “Dövlət qulluqçularının etik davranış qaydaları”, Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Bahar Həsənli tərəfindən “Dövlət qulluğuna qəbul qaydaları” mövzularında təlimlər keçirilib.

Təlimlər zamanı iştirakçılara dövlət qulluğuna qəbulun şərtləri, müsabiqə və müsahibə proqramları, dövlət qulluğu vəzifəsinin anlayışı, dövlət orqanlarında vəzifələrin təsnifatı, dövlət qulluqçularının hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına olan inamı artırmalı və bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Təlimlərin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb.