“Günəş hamı üçündür” adlı layihə çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində keçirilmişdir

12 dekabr 2015

Paylaş:

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğının artırılması, onların problemlərinin həllinə cəmiyyətin cəlb olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların və onların ailələrinin müəyyənləşdirilərək cəmiyyətə hərtərəfli qoşulması və inkişafını təmin etməkdir.

Layihə çərçivəsində növbəti tədbir 11 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyinin nəzdində, Sumqayıt şəhəri, Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində keçirilmişdir. Tədbirdə məktəbdə təhsil alan və qeydiyyatda (evdə təhsil) olan uşaqların valideynləri, məktəbin müəllim kollektivi, məktəbin psixoloqu iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ayət Kərimova ilk öncə tədbir iştirakçılarını salamlamış, belə maarifləndirici və hal-hazırki dövrdə cəmiyyət üzvləri arasında böyük əhəmiyyəti olan tədbirlərin keçirilməsinin önəmini tədbir iştirakçılarına çatdırmışdır. Məktəbin yaranma tarixindən və yenidən qurmadan sonra istifadəyə verilməsindən bəhs edən A.Kərimova, hal-hazırda məktəbdə 350 uşağın təhsil aldığını, uğurla yekunlaşmış pilot layihədən sonra 5 ildir ki, məktəbdə inkluziv siniflərin yaradıldığını vurğulamışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova çıxışı zamanı Komitənin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən layihələrdən söhbət açmış, hal-hazırda Respublikamızda hər 3 istiqamətin prioritet olduğunu vurğulamışdır. Komitə tərəfindən həyata keçirilən bu layihənin xüsusən sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinə psixoloji və hüquqi yardım göstərmək məqsədi daşıdığını qeyd edən G.Məmmədova, valideynləri onları narahat edən problemlər istiqamətində mütəmadi olaraq bir-birləri ilə fikir mübadiləsi aparmağa, aktiv olmağa və bütün məsələlərin həllində ortaq çıxış yolu tapmağa dəvət etmişdir.

Daha sonra tədbir iştirakçılarına “Azərbaycan ailəsi” film festivalının qaliblərindən olan “Qağayı” filmi nümayiş olunmuşdur. Filmin nümayişindən sonra Komitənin Ailə Problemləri şöbəsinin əməkdaşı Səmra Əliyeva ümumi və psixoloji istiqamətdə “Günəş hamı üçündür” adlı təqdimatla çıxış edərək, ailənin xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatındakı rolundan, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyindən, belə hallarda valideynlərin psixoloji durumuna təsir göstərən mənfi amillərin aradan qaldırılması yollarından söz açmışdır. Komitənin Hüquqi-təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Seymur Məmmədov çıxışı zamanı əlilliyi olan şəxslərin və onların yaxınlarının yararlana biləcəyi imtiyazlar, qanunvericilikdə nəzərdə tutulmuş ayrıcalıqlar barədə tədbir iştirakçılarına geniş məlumat vermiş, onları maraqlandıran sualları hüquqi istiqamətdə cavablandırmışdır.

Çıxışlardan sonra müzakirələr aparılmış, valideynlər çıxışlar etmiş, eyni zamanda onları maraqlandıran suallar cavablandırılmışdır.

Daha sonra bəddi hissədə məktəbdə təhsil alan şagirdlər Ulu Öndər Heydər Əliyevin vəfatının 12-ci il dönümü ərəfəsində Ulu Öndərə həsr olunmuş şerlərlə çıxışlar etmiş, musiqi və rəqs ifaları ilə öz bacarıqlarını göstərmişlər. Bəddi hissədən sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olmuş, inkluziv siniflərdə şagirdlərlə söhbətlər aparmış, eyni zamanda şagirdlər tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgi salonuna tamaşa etmişlər.

 Sonda Komitə tərəfindən hazırlanmış və çap edilmiş maarifləndirmə vəsaitləri məktəbin kitabxanasına təqdim olunmuşdur.

http://scfwca.gov.az/wp-content/uploads/2015/12/video-1450094255.mp4.mp4

http://scfwca.gov.az/wp-content/uploads/2015/12/video-1450094182.mp4.mp4