UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens Dövlət Komitəsinin qonağı olub

20 oktyabr 2022

Paylaş:

20 oktyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüşü keçirilib.

Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, UNİCEF-in Azərbaycandakı fəaliyyətinin hər zaman qarşılıqlı maraqlara söykəndiyini vurğulayıb. Ölkə olaraq münaqişənin və müharibənin nəticələrini aradan qaldırmağa çalışdığımızı, regionda sülh və yaxşı qonşuluq niyyətində olduğumuzu bildirən sədr qeyd edib ki, indi uşaqlara xidmətin və diqqətin xarakteri dəyişir: “Biz əgər dünən qaçqın və məcburi köçkün uşaqlarla məşğul olurduqsa, bu gün ilk növbədə müharibədən zərərçəkmiş uşaqların problemlərini həll etməliyik”.  

Ölkə Prezidenti cənab İlham Əliyevin Zəngilanın Ağalı kəndində şagirdlərlə görüşünə diqqət çəkən B.Muradova bildirib ki, bu, regionda son 30 ildə olan ən gözəl mənzərə idi. “Hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən bəhs edən sədr, bu regionda hər kəsə, o cümlədən bütün uşaqlara təhlükəsiz birgə yaşayışı təmin etməliyik”- deyə əlavə edib.

UNİCEF-in Komitə ilə birgə fəaliyyətini yüksək qiymətləndirən sədr, ilk növbədə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və Milli Fəaliyyət Planını icrası ilə əlaqədar vəzifələrin yerinə yetirilməsində UNİCEF-in göstərdiyi texniki dəstək və yaxından iştirakına görə təşəkkür edib. Eyni zamanda, UNİCEF-Azərbaycan 2021-2025-ci illər üçün ölkə sənədi üzrə müəyyən öhdəliklərin olduğunu və bütün sahələrdə fəaliyyət istiqamətlərin müəyyənləşdiyini vurğulayıb. Uşaq inkişafı ilə bağlı həyata keçirilən layihələrin dövri xarakter alması, mövcud fəaliyyət istiqamətlərinin bir qədər də genişləndirilməsi üçün imkanların olduğunu söyləyib. UNİCEF-in bir sıra yeni layihələrin hazırlanmasında dəstəyini qeyd edən B. Muradova, fövqəladə hallarda uşaq müdafiəsi ilə bağlı, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə, eləcə də pandemiya dövründə birlikdə icra edilən layihələr barədə müsbət fikirlərini bölüşüb. O əlavə edib ki, Azərbaycan Hökumətinin gələn ilin yanvar ayında BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının icrasına dair son 2 dövr üçün hesabatının təqdim edilməsi planlaşdırılır.

Səmimi qəbula görə təşəkkür edən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens, Azərbaycanın çətin dövrdən keçərək, hazırda yeni mərhələyə qədəm qoyduğunu və bərpa prosesinin təmin edilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. BMT rəsmisi bildirib ki, 2021-ci ildən başlayaraq qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıdışı zamanı təhlükəsiz şəraitdə yaşaması üçün UNİCEF tərəfindən əhali arasında minalarla bağlı geniş maarifləndirmə işi həyata keçirilir.  

Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyasının vacibliyinə diqqət çəkən A.Haykens adıçəkilən sənədin hazırlanmasında UNİCEF-in də iştirak etdiyini və həyata keçiriləcək tədbirlərə müvafiq dəstəyin verilməsində maraqlı olduqlarını bildirib. O, erkən uşaqlıq dövrünün inkişafı məsələsinin vacibliyini xüsusi vurğulayaraq, bu sahənin bir çox digər sektorlarla əməkdaşlıq tələb etdiyini və gücləndirilmiş koordinasiyanın təmin edilməsinin lazımlı olduğuna diqqət çəkib. O, uşaqların sosial müdafiəsi və dəstək mexanizmlərinin gücləndirilməsi ilə bağlı həyata keçiriləcək Proqram layihəsi haqqında məlumat verərək, xüsusilə uşaqların zorakılıqdan müdafiəsi istiqamətində həyata keçiriləcək maarifləndirmə işlərində Dövlət Komitəsi ilə birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüş ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin qarşıdakı dövr üçün prioritet istiqamətlər haqqında faydalı fikir mübadiləsi ilə davam edib.

Görüşdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova, həmçinin təhsil üzrə mütəxəssis Leyla Həsənova, Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov iştirak edib.