Dövlət Komitəsinin sədri Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb

13 oktyabr 2022

Paylaş:

13 oktyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşü keçirilib.

Tanışlıq məqsədi daşıyan görüşdə sülh quruculuğu dövründə qadınların sülh və təhlükəsizlik proseslərində iştirakçılığı, gender bərabərliyinin təmin olunması və gender stereotiplərinə qarşı mübarizə istiqamətində mümkün əməkdaşlıq imkanları və fəaliyyət perspektivləri müzakirə edilib.

Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürünü bildirib. O, Böyük Britaniya hökumətinin yenidənqurma dövründə həyata keçirilən bir sıra layihələrə dəstək verdiyini xatırladaraq, iki ölkə arasında tarixə söykənən əlaqələrin günümüzdə yüksələn xəttlə inkişaf etdiyini qeyd edib. B.Muradova, Azərbaycanın  ikitərəfli münasibətlərə xüsusi önəm verdiyini əlavə edərək, Komitənin də öz növbəsində fəaliyyət istiqamətlərinə uyğun  olaraq səfirliklə daima uğurlu tərəfdaşlıq etdiyini qeyd edib. Səfirin Cənab Prezident İlham Əliyevlə görüşünə diqqət çəkən sədr,  onun öz ənənələrinə sadiq olduğunun, eyni zamanda Azərbaycan mədəniyyətinə, həyat tərzinə hörmət bəslədiyinin şahidi olduğunu bildirib.  

Komitə sədri Böyük Britaniya hökumətinə müharibənin nəticələrindən zərərçəkmiş insanlara, icmalara erkən yardım göstərilməsi, həmçinin dayanıqlılığın təmin edilməsi istiqamətində göstərdiyi dəstəyə görə təşəkkür edib. O, zərərçəkmiş ailələrə, xüsusilə qadın və uşaqlara dəstək məqsədilə, münaqişədən təsirlənmiş ərazilərdə Resurs Mərkəzlərinin açıldığını və bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb. B.Muradova, ərazilərin minalardan təmizlənməsi, quruculuq sahəsində birgə iştirak kimi sakinlərin qayıdışı, eləcə də  qadınların sülh və təhlükəsizlik istiqamətində fəaliyyəti ilə bağlı əməkdaşlığa töhfə verən layihələrin icrası istiqamətində əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib.

Səmimi qəbula görə Komitə sədrinə təşşəkkür edən səfir Fergus Auld, Azərbaycanda işə başlamasından məmnun olduğunu, sabiq səfir Ceyms Şarpın başladığı işi davam etdirəcəyini söyləyib.

Azərbaycandakı fəaliyyətinin əsas istiqamətlərindən birinin qadın, uşaq və gender məsələsi olduğuna diqqət çəkən F. Auld, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin icrası istiqamətində qadınların sülh və təhlükəsizlikdə iştirakı ilə bağlı  bir sıra məqamlara toxunub. Səfir, Vətən müharibəsi zamanı Gəncənin, eləcə də dinc əhalinin yaşadığı digər şəhərlərin atəşə tutulması nəticəsində baş verənlərlə bağlı kədərini ifadə edib. O, Sülh və Təhlükəsizlik Forumu çərçivəsində Ağdama səfər edəcəyini, eləcə də işğaldan azad edilən torpaqların minalardan təmizlənmə prosesinə dəstək göstərəcəklərini dilə gətirib. 

Görüşdə Komitənin Xarici əlaqələr və protokol xidməti  şöbəsinin müdiri Fərid Ədilov və səfirliyin siyasi işlər üzrə müşaviri Elmir Bədəlov da iştirak edib.