11 oktyabr - Beynəlxalq Qızlar Gününə həsr edilmiş “Gənc Qızların Təhsilinə Dəstək-2022” Kampaniyası keçiriləcək

10 oktyabr 2022

Paylaş:

11 oktyabr 2022-ci il, saat 10:00-da, Azərbaycan Milli  Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 11 oktyabr - Beynəlxalq Qızlar Gününə həsr edilmiş “Gənc Qızların Təhsilinə Dəstək-2022” Kampaniyası keçiriləcəkdir.

Kampaniya Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilir.

Kampaniyanın məqsədi Azərbaycanda tarixi xeyriyyəçilik ənənələrini davam etdirmək və dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların müasir təhsil imkanlarından faydalanmağına dəstək olmaqdır.

“Gənc Qızların Təhsilinə Dəstək-2022” Kampaniyası çərçivəsində regionlardan olan ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 25 nəfər qızın  təhsilinə dəstək veriləcəkdir. 

Qeyd edək ki, 2021-ci ildə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyi ilə birgə Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr - Beynəlxalq Qızlar Günü həsr olunmuş “Gənc Qızların Təhsilinə Dəstək-2021” Kampaniyasını həyata keçirmişdir. Kampaniya çərçivəsində aztəminatlı ailələrdən olan, ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış 14 nəfər tələbə qıza dəstək göstərilmişdir. Qızlara davamlı dəstək göstərən şirkətlərə, iş adamlarına və sahibkarlara təşəkkür edirik.