Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Paylaş:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası, həmçinin ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, həmçinin Dövlət Komitəsinin fəaliyyəti ilə tanış olmaq məqsədilə 29 sentyabr 2022-ci il tarixində “Açıq qapı” günü keçirilib.
Görüşdə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva salamlama nitqi ilə çıxış edərək ölkədə həyata keçirilən dövlət ailə siyasətinin istiqamətləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, Dövlət Komitəsi tərəfindən Azərbaycan hökuməti adından təqdim edilən hesabatlar, qadın və uşaq hüquqlarının müdafiəsi sisteminin əsasları haqqında vətəndaşlara məlumat verib. Dövlət Komitəsinə edilən vətəndaş müraciətlərinə diqqət çəkən C.Rəhmətullayeva onu da qeyd edib ki, həmin müraciətlər yerindəcə araşdırılır və müvafiq tədbirlər görülür.
O, həmçinin Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, o cümlədən İcma Resurs və Qadın Resurs Mərkəzlərində psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə mütəmadi olaraq “açıq qapı” günlərinin keçirildiyini diqqətə çatdırıb.
Daha sonra “Açıq qapı” günündə iştirak edən vətəndaşlara Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə aidiyyəti şöbələrin müdir və əməkdaşları tərəfindən gender bərabərliyi, qadınlara və uşaqlara qarşı məişət zəminində zorakılıq, erkən nikahlarla mübarizə, həmçinin Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti haqqında məlumat verilib, təqdimatlar nümayiş etdirilib.
Daha sonra vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Sonda vətəndaşlar Dövlət Komitəsinin inzibati binası, dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan Vətəndaşların Qəbulu Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Məlumat üçün bildirək ki, növbəti aylarda da “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Komitəsinin rəsmi saytında və sosial şəbəkə hesablarında məlumat veriləcək.