Şəhid olan hərbi qulluqçuların ailələrinə səfərlər davam etdirilir

22 sentyabr 2022

Paylaş:

Dövlət Komitəsinin əməkdaşları, Uşaq və Ailələrə Dəstək Mərkəzləri, İcma və Qadın Resurs Mərkəzlərinin kollektivi tərəfindən şəhid olan hərbi qulluqçuların ailələrinə səfərlər davam etdirilir.

Ailələrə səfər zamanı vətənimizin müdafiəsi uğrunda canlarını qurban vermiş qəhrəman igidlərimizin əziz xatirələri ehtiramla anılıb.

Qeyd edək ki, Dövlət Komitəsinin nümayəndələri və mərkəz əməkdaşları sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızın dəfn mərasimlərində iştirak ediblər və Komitə rəhbərliyi adından şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

Eyni zamanda Komitənin könüllü ailələrindən olan Qazax rayonundan Məmmədovlar, Mingəçevir şəhərindən Talıbovlar, Tərtər rayoundan Axundovlar, Salyan rayonundan Əliyevlər, Zərdab rayonundan Əhmədovlar, Bakı şəhəri Qaradağ rayonundan Mirzəyevlər, Astara rayonundan Rəsulovlar ailəsi şəhid hərbçilərin yas mərasimlərində iştirak ediblər.

Dövlət Komitəsi tərəfindən şəhid ailələrinə psixo-sosial dəstəyin göstərilməsi məqsədilə səfərlərin davam etdirilməsi planlaşdırılır.