Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində növbəti könüllülük proqramına start verilib
Paylaş:
Gənclərin potensialından səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların innovativ potensialını üzə çıxarmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində növbəti 2022-2023-cü illəri əhatə edən könüllülük proqramına start verilib.
Qeyd edək ki, könüllülük proqramına qoşulmaq istəyən gənclər 22 avqust - 01 sentyabr 2022-ci il tarixlərində Dövlət Komitəsinin saytında qeydiyyatdan keçiblər. Müraciət edən 90 nəfər namizəd arasından 28 nəfər müsahibə ilə seçilərək iki ay müddətində Dövlət Komitəsində könüllü fəaliyyətinə cəlb ediliblər.
22 sentyabr 2022-ci il tarixində Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayevanın iştirakı ilə könüllülərlə ilk tanışlıq görüşü keçirilib. Dövlət Komitəsinin aparat rəhbəri çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə gənclər üçün müxtəlif dövlət orqanlarında ictimai fəaliyyətlə bağlı yaradılan şərait, ölkədə həyata keçirilən dövlət ailə siyasətinin istiqamətləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq və uşaq hüquqlarının müdafiəsi sisteminin əsasları haqqında könüllülərə məlumat verib.
C.Rəhmətullayeva görüş zamanı iştirakçılara könüllü fəaliyyətləri müddətində cəmiyyətin bütün sahələrində fəal iştiraklarına şərait yaratmaq, təcrübi biliklərini artırmaq, innovativ potensialını üzə çıxarmaq və vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi olduğu haqqında məlumat verib. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı olduğunu bildirib.
Görüş çərçivəsində Komitənin konüllülük proqramından iştirakçıların gözləntiləri dinlənilib. Tədbirdə layihələrin hazırlanması qaydası, qadın və uşaq hüquqlarının müdafiəsinə innovativ yanaşma, sosial ailə siyasətinin əsasları, insan resurslarının idarə edilməsi, risk və həssas qruplardan olan insanlarla iş və digər mövzular müzakirə edilmişdir.
Dövlət Komitəsinin könüllülük proqramı çərçivəsində könüllülərə ailə siyasətinin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyəti ilə tanışlıq, vətəndaşlara psixoloji, hüquqi və sosial dəstəyin göstərilməsi ilə bağlı məlumatlandırılması və digər maraqlı tədbirlərə cəlb edilməsi nəzərdə tutulub.