Dövlət Komitəsinin əməkdaşı ABŞ-da təcrübə proqramında iştirak edib

21 sentyabr 2022

Paylaş:

7-17 sentyabr 2022-ci il tarixlərində insan alverinə qarşı mübarizə mövzusunda ABŞ-da təşkil olunan Açıq Dünya Ziyarət Proqramında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr və Protokol xidməti şöbəsinin məsləhətçisi Zahidə İsrafilova iştirak edib.

İki hissədən ibarət olan mübadilə proqramı ABŞ-ın Vaşinqton və Çikaqo şəhərlərində baş tutub. Vaşinqton şəhərində təşkil olunan açılış hissədə Açıq Dünya təşkilatının icraçı direktoru, ABŞ-ın Dövlət Departamentin, ABŞ Məhkəmələrinin İnzibati İşlər idarəsinin, Konqresin hüquq kitabxanasının rəsmiləri öz fəaliyyətləri ilə bağlı iştirakçılara ətraflı məlumat vermiş, ABŞ-ın ədliyyə sistemi, Konqresin hüquq kitabxana fəaliyyəti, federal məhkəmə sistemində dövlət hesabına hüquqi yardım göstərən vəkillərin rolu mövzularında təqdimatlarla çıxış ediblər.

Çikaqo şəhərində təşkil olunan hissədə isə iştirakçılar ABŞ-ın Çikaqo şəhərində yerləşən müxtəlif qabaqcıl universitetlərinin (İllinoys, Loyola və Northwestern) professorları ilə görüşlərdə iştirak edərək onların insan alverinə qarşı mübarizə siyasətinin həyata keçirilməsi haqqında araşdırma fəaliyyətləri ilə tanış olublar. Bununla yanaşı iştirakçılar insan alverinə qarşı mübarizədə fəaliyyət göstərən müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərdə iştirak edərək, insan alverindən zərər çəkmiş şəxslərə göstərilən xidmətlər barədə məlumatlar əldə ediblər.

Təcrübə proqramında həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri də iştirak ediblər.