Bu gün Beynəlxalq İtkin Düşənlər Günüdür

30 avqust 2022

Paylaş:

30 avqust tarixi bütün dünyada itkin düşmüş insanlara ehtiram və yaxınlarına təsəlli əlaməti olaraq Beynəlxalq İtkin Düşənlər Günü kimi qeyd edilir.
Ermənistanın qanunsuz ərazi iddiaları və təcavüzü nəticəsində Azərbaycanın 4000-ə yaxın vətəndaşı hələ də itkin düşmüş hesab olunur. Otuz ildir ki, Azərbaycan girov götürülmüş mülki əhali ilə qeyri-insani rəftar, itkin düşmüş azərbaycanlılarla bağlı məlumatların toplanılması, bu şəxslərin qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Bu illər ərzində Ermənistan itkin düşmüş şəxslərin taleyi ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmir, törətdiyi təcavüzə görə məsuliyyətini inkar edir.
Azərbaycan bu ağır cinayətləri törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması, beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsi üçün səylərini yorulmadan davam etdirir. Bu addımlar qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət edir.