“Uşaq inkişaf xidmətlərində sosial işçilərin rolu” mövzusunda 2 günlük təlim proqramı keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi və Azərbaycan Sosial İş İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uşaq inkişaf xidmətlərində sosial işçilərin rolu” mövzusunda 2 günlük təlim proqramı keçirilib. Təlim proqramının ilk günü iştirakçılar Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra dəyirmi masa təşkil olunub, dəyirmi masada sosial işin Azərbaycanda inkişafı, sosial işçilərin qarşılaşa biləcəyi çətinliklər barədə müzakirələr aparılıb.
Təlimin ikinci günü Ümumdünya Səhiyyə Təşkilatının “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsinin sosial işçisi, Azərbaycan Sosial İş İctimai Birliyinin icraçı direktoru Sənan Ağayev sosial işin etik prinsipləri, keys menecmentin sosial işçilər üçün əhəmiyyəti barədə tədqiqat metodlarından danışıb. Sənan Ağayev eyni zamanda AZSİİB–in könüllülərinə Denver 2 testi mövzusunda təlim keçib. Sonda təlimi uğurla bitirən könüllülərə sertifikatlar təqdim olunub.
Qeyd etmək lazımdır ki, Azərbaycan Sosial İş İctimai Birliyi digər Uşaq və Ailələrə Dəstək Mərkəzlərində də belə təlimlərin mütamadi keçirilməsində təşkilatçılıq edərək, gələcək sosial işçilərin bacarıqlarının daha da peşakarlaşmasını hədəfləyir.