Ötən gün sığınacağa yerləşdirilən Asimə Məmmədovanın yaxınları ilə görüşü təşkil olunub

19 avqust 2022

Paylaş:

7 avqust tarixində yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə Məmmədova 18 avqust tarixində Bakı şəhəri ərazisində tapılıb.

Aidiyyəti qurumların əməkdaşları ilə birgə A.Məmmədovanın tapıldığı əraziyə yollanan Dövlət Komitəsinin nümayəndələri tərəfindən qadınla müvafiq söhbət aparılıb. Məlum olub ki, A.Məmmədova həyat yoldaşı tərəfindən mütəmadi fiziki zorakılığa məruz qaldığı üçün evi tərk edib və Bakıya gəlib. Hazırda o, nə ərinin, nə də valideynlərinin yanına qayıtmaq istəmədiyindən Bakıdakı müvafiq sığınacağa yerləşdirilib. Sığınacaqda mütəxəssislərin iştirakı ilə A.Məmmədovanın psixoloji vəziyyətinin qiymətləndirilməsi aparılıb.

19 avqust tarixində Asimə Məmmədovanın valideynləri Dövlət Komitəsinə müraciət edərək övladları ilə görüşmək istədiklərini bildirmişlər.

Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə Asimə Məmmədovanın sığınacaqda doğmaları ilə görüşü təşkil olunub.

A. Məmmədovanın valideynləri həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı müddətdə övladlarına sahib çıxmadıqlarından dərin peşimançılıq keçirdiklərini, bundan sonra daim onun yanında olacaqlarını bildirmişlər.

Qeyd edək ki, hazırda A. Məmmədovanın psixo-sosial reabilitasiya müddəti davam edir. Daha sonra o, razılığı olarsa doğmalarının yanına qayıda biləcək.