Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi

19 iyul 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvəti ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 iyul 2022-ci il tarixlərində Azərbaycanda rəsmi səfərdədir.

Səfər çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi və təcrübə mübadiləsinin aparılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə Ailə və Sosial Xidmətlər naziri Derya Yanıkın ikitərəfli görüşü keçirilib.

Qonaqları salamlayan Bahar Muradova dəvəti qəbul edib gəldikləri üçün başda D. Yanık olmaqla nümayəndə heyətinə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin tarixi hər birimizə bəllidir, bu, qürur və şərəf dolu tarixdir, eyni zamanda dostluq, qardaşlıq, birgə hədəflərə doğru addımlamaq tarixidir. Azərbaycan və Türkiyə qardaşlığının dünyaya örnək olduğunu vurğulayan B. Muradova qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlər ayrı-ayrılıqda hər iki ölkənin həm mənəvi, həm hüquqi, həm də tarixi əsaslara söykənərək region ölkələri üçün, öz ölkəsi və xalqı üçün, birgə səylər göstərə bilməsinə açıq nümunədir.

Səfərin proqramını diqqətə çatdıran Dövlət Komitəsinin sədri səfərin son günündə Şuşaya ziyarət ediləcəyini bildirib: “Şuşaya gedən yol üzərində həm erməni vandalizminin izlərini, həm də Azərbaycan dövlətinin qısa bir müddətdə həyata keçirdiyi quruculuq, abadlıq işlərinin nəticələrini görəcəksiniz və iki fərqli dünyagörüşünün şahidi olacaqsınız. Əlbəttə ki, bu mübarizədə haqqın, ədalətin qalib gəldiyinə biz bir daha inanacağıq. Türkün tarixdən üzü bəri gələn əsas amalı ədalət olmuşdur. Bu səfər sizə müharibə və onun nəticələri haqqında eşitdiklərinizi öz gözlərinizlə görmək imkanı yaradacaq”. O xüsusilə vurğulayıb ki, Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərini yeni bir müstəvidə, yeni bir hüquqi, hərbi, siyasi, iqtisadi, sosial və mədəni müstəviyə çıxarıb.

29 ildən sonra Zəngilan şəhərinin Ağalı kəndinə ilk köçün başlamasının əlamətdar gün olduğunu diqqətə çatdıran B. Muradova bildirib ki, Zəngilanı vaxtilə erməni silahlılarının təzyiqi altında ən sonda tərk etməyə məcbur olmuş insanların, bu gün yenə həmin kəndə ilk olaraq qayıtması çox maraqlı faktdır: “Bizim belə sevincli günümüzdə siz də burdasınız və bizim sevincimizi bölüşəcəksiniz. Bu fakt bizə deməyə imkan verir ki, türkü özünə vətən seçdiyi yurddan qovmaq, onun ev-eşiyini dağıtmaq və onun üzərində səadət qurmaq mümkün deyil”.

B. Muradova qeyd edib ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin vacib bir hissəsi olan Ailə və Sosial Xidmətlər Nazirliyi ilə Dövlət Komitəsi arasında 2011-ci ildən mövcud olan əməkdaşlıq protokolunun bəndlərinə əsasən fəaliyyətimiz davam etməkdədir. Aprel ayında Azərbaycan nümayəndə heyəti ilə Türkiyədə olduq, çox gözəl görüşlər keçirildi və ən əsası biz Türkiyənin örnək olan təcrübəsi ilə yaxından tanış olduq, bir sıra sosial xidmət müəssisələrini ziyarət etdik: “Biz orda elan etdiyimiz niyyəti bir sənədə çevirmək istiqamətindəki yolumuzun yarısındayıq. Yaxın zamanlarda onu imzalayacağıq. Həmçinin 4 istiqamətdə biz tematik işçi qrupları yaratmışıq. Biz birgə tədbirlərin təşkil edilməsini, ortaq təlimləri, maarifləndirmə və media kampaniyalarının keçirilməsini planlaşdırmışıq.”

Səmimi və mehriban qarşılanmaya görə təşəkkürünü bildirən nazir Derya Yanık Azərbaycanda olmaqdan məmnun olduğunu ifadə edib. O bildirib ki, Azərbaycan və Türkiyənin tarixdən bu günə kimi davam edən dərin və sarsılmaz əlaqələri var. Nazir Cənubi Qafqaz regionunda sülhün təmin edilməsinin, əhalinin təhlükəsiz şəraitdə yaşamasının vacib olduğunu, Türkiyənin hər zaman bölgədə bu istiqamətdə gedən proseslərə önəm verdiyini vurğulayıb. D.Yanık Azərbaycanla Türkiyə arasında əməkdaşlığın həm ölkələrimiz, həm region, həm də beynəlxalq aləmdə önəmli olduğunu diqqətə çatdırıb.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı mübarizəni yaxından izlədiyini vurğulayan nazir, Şuşanı ziyarət etməkdən son dərəcə həyəcanlı olduğunu və bu zəfəri görmənin ona fərqli hisslər yaşadacağını ifadə edib. O, eyni zamanda Azərbaycana səfərin ilk gününün torpaqlarından didərgin düşmüş əhalinin Zəngilana qayıtmaları ilə eyni günə düşməsinin onlar üçün ən gözəl təsadüf olduğunu qeyd edib.

Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin faydalı əməkdaşlığına diqqət çəkən D. Yanık bildirib ki, hər iki qurum cəmiyyətin həssas təbəqəsinin ehtiyaclarının ödənilməsi, onların müvafiq xidmətlərlə təmin edilməsinə istiqamətlənib. Qarşılıqlı təcrübələrin işığında yeni dəyərləndirmələrin, yeni töhfələrin yer alacağına əminliyini ifadə edib. “Tükiyədə baş tutan görüşümüzdə də qeyd etdiyim kimi, biz hər bir dəstəyə, sona qədər qapımızı, könlümüzü Azərbaycana açmağa hazırıq. Səyahətimizin bundan sonrakı əlaqələrimiz üçün bir yol xəritəsinin müəyyən edilməsi, texniki çalışmaların artıq proqrama çevrilməsi baxımından məhsuldar olacağına inanıram.”- deyə o əlavə edib.

Daha sonra hər iki qurum arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə texniki görüşü keçirilib.